...

Vaşinqtonda Azərbaycan Parlamentinin yaranma günü qeyd olunub (FOTO)

Siyasət Materials 7 Dekabr 2012 06:35 (UTC +04:00)
Vaşinqtonda Azərbaycan Demokratik Cümhuriyyətində Parlamentin təsisinin 94-cü ildönümü münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatının üzvləri, eləcə də ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov və millət vəkili Asim Mollazadədən ibarət nümayəndə heyətinin iştirakı ilə təntənəli tədbir keçirilib.
Vaşinqtonda Azərbaycan Parlamentinin yaranma günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Vaşinqtonda Azərbaycan Demokratik Cümhuriyyətində Parlamentin təsisinin 94-cü ildönümü münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatının üzvləri, eləcə də ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov və millət vəkili Asim Mollazadədən ibarət nümayəndə heyətinin iştirakı ilə təntənəli tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən səfir Elin Süleymanov Azərbaycanda parlamentarizmin tarixindən bəhs edərək, Şərqdə ilk demokratik Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində mövcud olmasına baxmayaraq, əsası qoyulmuş bəşəri ideyaların Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirmişdir.

Montanadan seçilmiş konqresmen Deni Reberq Azərbaycanla həm federal, həm də ştatlar səviyyəsində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bildirərək, ölkəmizlə əlaqələrin daha da dərinləşməsinin qarşılıqlı faydalı olacağına əminliyini ifadə etmişdir.

İndianalı konqresmen Dan Börton isə Azərbaycanın strateji önəminin qiymətləndirilməsi baxımından ölkəmizin yerləşdiyi coğrafi regionun geosiyasi reallıqlarının nəzərə alınmasının vacibliyini qeyd etmişdir. Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu bildirən D.Börton Azərbaycana səfər etməyi öz həmkarlarına da tövsiyə etdiyini bildirmişdir.

Ohayo ştatını təmsil edən Cin Şmid terrorçuluqla mübarizədə, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin təminində Azərbaycanı ABŞ-ın "ən yaxın və strateji müttəfiqi" adlandırmış və ölkəmizin təşəbbüsü ilə regionda reallaşdırılan enerji, infrastruktur layihələrinin ABŞ-ın maraqları ilə üst-üstə düşdüyünü bildirmiş, bu səbəbdən də ABŞ hökuməti tərəfindən Azərbaycana siyasi dəstəyin ifadə edilməsinin zəruri olduğunu vurğulamışdır.

Minnesota və Pensilvaniyadan olan senatorlar Al Franken və Bob Kasi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı mərhələsindən danışmış və Azərbaycanın strateji əhəmiyyətini bir daha qeyd etmişlər. Senatorlar Azərbaycanın bu gün də regionda əsas söz sahibi olduğunu vurğulamış, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu, terrorçuluqla mübarizədə fəal iştirakını xüsusilə diqqətə çatdırmışlar.

Bu yaxınlarda ABŞ Konqresində Azərbaycanla İşçi Qrupuna daxil olan texaslı Şeyla Cekson Li Azərbaycanla Texas ştatı arasında bənzərliklərdən bəhs edərək, əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmişdir.

Millət vəkili Asim Mollazadə parlament demokratiyasının təşəkkül tapdığı bir ölkənin nümayəndəsi olmaqdan məmnun olduğunu bildirmiş, ictimai diplomatiyanın artan nüfuzunu nəzərə alaraq, parlament qruplarının qarşılıqlı səfər mübadiləsinin təşkilinin faydalı olacağını qeyd etmişdir.

Sonda Şeyla Cekson Li tərəfindən Nümayəndələr Palatası adından Azərbaycanda ilk parlamentin təsisinin 94-cü ildönümü münasibətilə və ikitərəfli münasibətlərin uğurlu inkişafına həsr olunmuş şərəf lövhəsi Azərbaycan nümayəndə heyətinə təqdim edilmişdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti