...

ABŞ-ın "göy qurşağı" siyasəti

Siyasət Materials 2 İyul 2015 22:30 (UTC +04:00)
Dünyada lezbiyan, gey, biseksual və transgenderlərin (LGBT) hüquqlarının müdafiəsi altında siyasi və iqtisadi maraqların güdüldüyü getdikcə açıq forma alır.
ABŞ-ın "göy qurşağı" siyasəti

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Dünyada lezbiyan, gey, biseksual və transgenderlərin (LGBT) hüquqlarının müdafiəsi altında siyasi və iqtisadi maraqların güdüldüyü getdikcə açıq forma alır. İyunun 26-da ABŞ-ın Ali Məhkəməsi eynicinsli nikahların bütün ştatlarda leqallaşdırılması barədə qərar çıxardı. Hazırda ABŞ-ın 50 ştatının 37-də eynicinsli nikahlara icazə verilir.

"Bu qərar ölkənin daxili məsələsidir", - deyib təəssüflənərək xəbərin üstündən keçmək olardı. Ancaq ABŞ Prezidenti Barak Obama və xüsusilə də dövlət katibi Con Kerrinin qərarla bağlı bəyanatları olmasaydı... Kerrinin bəyanatında deyilir: "Məhkəmənin qərarı dünyanın bütün hissələrinə aydın işarə göndərir: diskriminasiyaya əsaslanmış heç bir qanun ədalət dalğası qarşısında dayana bilməz. Biz dünyanın müxtəlif ölkələrində eynicinsli seksi kriminallaşdıran qanunları ləğv etmək üçün işləyirik". Belə ölkələrin sayı təqribən 70-dir.

Bu da azmış kimi, dövlət katibi ölkə tarixində ilk dəfə olaraq LGBT-nin hüquqları üzrə xüsusi diplomatik nümayəndəni təyin edəcəyini açıqlayıb. Bu "şərəfli" missiyaya isə Rendi Berri layiq görülüb. Berrinin bu vəzifəyə gətirilməsi heç də təsadüfi deyil. Belə ki, geniş diplomatik karyeraya malik Berrinin son iş yeri ABŞ-ın Amsterdamdakı Baş konsulluğu olub. Görünür, Amsterdamın "ab-hava"sı diplomata təsirsiz ötüşməyib. Məhz Hollandiya 2001-ci ildə dünyada eynicinsli nikahların leqallaşdırılmasının başlanğıcını qoyub.

Kerrinin bu bəyanatı ABŞ-ın "LGBT-nin hüquqlarının qorunması" alətindən digər ölkələrə yeni təzyiq vasitəsi kimi daha aktiv istifadə edəcəyinə işarədir. Bu, digər ölkələrdə etnik azlıqların hüquqlarının qorunması altında aparılan kampaniyaya bənzəyəcək. Cinsi azlıqlara geniş hüquqlar verməyən ölkələr isə antidemokratik elan ediləcək və onlara qarşı sanksiyaların tətbiqi də istisna olunmayacaq.

Öz ərazisində qaradərililərə qarşı diskraminasiya hallarını hələ də aradan qaldıra bilməyən ABŞ-ın cinsi azlıqların "qayğısına qalması" Birləşmiş Ştatların insan haqlarına münasibətdə ikili standartlarının göstəricisidir.

Son zamanlar ABŞ polisinin xüsusilə afroamerikalılara qarşı kobud rəftarı və onları qətlə yetirməsi ilə bağlı xəbərlər geniş yayılıb. Müxtəlif hesablamalara görə, hər il ABŞ-da polis 400 minədək insan öldürür, onların hər üçündən biri qaradərilidir. Halbuki ABŞ əhalisinin 13 faizi afroamerikalılardır.

Qeyri-ənənəvi cinsi oriyentasiyası olan şəxslərin sayını izləyən təşkilatların məlumatına görə isə hazırda ABŞ-da 390 min eynicinsli cütlüyün nikahı qeydiyyata alınıb. Bunun qadağan edildiyi ştatlarda münasibətlərini qanuniləşdirmək istəyən belə cütlüklərin sayı isə 70 mindir. Belə çıxır ki, ABŞ hökuməti qarşısına ölkədə qaradərililərin sayını azalmaq, cinsi azlıqların nümayəndələrinin sayını isə artırmaq məqsədi qoyub.

İyun ayını "LGBT ayı" elan etmiş ABŞ-ın cinsi azlıqların "şərəfinə" Ağ evi göy qurşağı rənginə boyamaq əvəzinə, polis tərəfindən günahsız yerə öldürülən qaradərililərin xatirəsinə qara rəngə boyaması daha məqsədəuyğun olardı. Bunu etməli olan Obama isə Ali Məhkəmənin qərarını şərh edərkən deyib ki, Birləşmiş Ştatlar "biz hamımız eyni doğulmuşuq" prinsipi əsasında yaradılıb və qərar Amerika üçün qələbədir.

Əgər onun dediyi kimi "hamımız eyni doğulmuşuq"sa, o zaman niyə ABŞ ölkədə və dünyada bu prinsipə əsaslanmış siyasət yürütmür? Qaradərili olan Obamanın bu bəyanatı səmimi deyil. Qızlarını "Facebook"a girməyi qadağan edən, küçələrdəki qaradərili gəncləri rep demək və zərərli vərdişlər yerinə təhsil almağa səsləyən Obama çox güman ki, cinsi azlıqlara rəğbət bəsləmir. Onu buna sövq edən müəyyən siyasi və maliyyə dairələridir. Təsir demişkən, ötən il "Apple" şirkətinin rəhbəri Tim Kuk gey olduğunu açıqlamışdı. Kuk kimi siyasi və iqtisadi sahədə nüfuzlu şəxslərin ölkənin cinsi azlıqlarla bağlı siyasətinə təsiri danılmazdır.

Təsadüfi deyil ki, Ağ ev göy qurşağı rənginə boyandıqdan sonra ABŞ-ın tanınmış şirkətləri də öz loqotiplərini həmin rəngə boyadılar. Burada cinsi azlıqlara dəstəkdən ziyadə iqtisadi maraqların güdüldüyünü də ehtimal etmək olar. LGBT nümayəndələrinin bu "yaxşılığı" unutmayaraq həmin şirkətlərin məhsullarına üstünlük verəcəyi şübhəsizdir. Başqa misal olaraq, İspaniyanın futbol üzrə I liqasında çıxış edən "Rayo Valekano" klubunun növbəti mövsümdən göy qurşağı rəngli formalarla meydana çıxacağını göstərmək mümkündür. Klub həmin formaları 6 avrodan satışa çıxararaq gəlirlərini artırmağı düşünür.

İndiyədək təqribən 20 ölkədə eynicinsli nikahlar leqallaşdırılıb ki, bunların çoxu katolik inancının dominant olduğu ölkələrdir. Dünya katoliklərinin dini rəhbəri olan Roma papalarının xüsusilə Qərbdə mənəvi tənəzzülün getdikcə böyük miqyas aldığı barədə xəbərdarlıqları qulaqardına vurulur. Bunun əvəzində bu il Lüksemburqun Baş naziri Ksavyer Bettel Avropa İttifaqında vəzifədə olarkən eynicinsli nikaha girən ilk, dünyada isə ikinci lider olur. Cinsi azlıqların haqlarının olması barədə aparılan uzunmüddətli kampaniyalar artıq bəhrələrini vermiş kimi görünür. Bəzi ölkələrdə eynicinslilərin nikahlarına icazə qanunverici orqanlar tərəfindən verildiyi halda, bir sıra ölkələrdə bu, referendum yolu ilə həllini tapır. İrlandiyada cari ilin mayında məsələ ilə bağlı keçirilmiş refrendumda əhalinin təqribən 60 faizi belə nikahların lehinə çıxıb.

Müsəlman və pravoslav ölkələrində isə cinsi azıqlarla bağlı vəziyyət bir qədər fərqlidir. Bu ölkələrdə dinə və mənəvi dəyərlərə bağlılıq daha yüksək olduğundan cinsi azlıqlar daha çox parad keçirməklə kifayətlənirlər. Türkiyə gey paradın keçirildiyi ilk böyük müsəlman ölkəsidir. 2003-cü ildə İstanbulda, 2008-ci ildə isə Ankarada keçirilmiş gey paradları Türkiyənin İslam ölkələri arasında "demokratik dəyərləri daha çox mənimsəməsi" ilə izah etmək mümkündür.

Dünyanın ən güclü dövləti olan ABŞ-ın bu qərarının fəsadları sonralar tam aydınlığa çıxacaq. "Hollivud" filmlərində ABŞ-da ailə dəyərlərini təbliğ edən Ağ ev bu istiqamətdə apardığı siyasətinə ağır zərbə vurmuş oldu. ABŞ dünyadakı təsir imkanlarından düzgün yararlanaraq ədaləti yaymaq əvəzinə, özünün mənəvi məhvinə aparan siyasət yürüdür.

Bütün səmavi dinlərdə cinsi azlıqların nümayəndələri xoş qarşılanmır, hətta müqəddəs kitablarda bütün bunlar əxlaqsızlıq kimi dəyərləndirilir və zaman-zaman həmin azlıqların ağır cəzalandırıldığı qeyd olunur (Sodom və Qomorra şəhərləri). Tanrı hər kəsi eyni yaradıb, lakin O, heç kəsi gey və lezbiyan şəklində xəlq etməyib. Bu, insanların özünü dərk etdikdən sonra seçdiyi yoldur. Eynicinsli nikahları qanuniləşdirməklə həmin yol daha da asanlaşır və gələcək nəsillərə ümumbəşəri dəyərlərin ötürülməsi zənciri qırılır.

Tarixdə mənəvi tənəzzülə uğramış bir neçə qövmün məhv olması hamıya məlumdur. ABŞ isə həmin qövmlərin sırasına qoşulmaq üçün əlindən gələni əsirgəmir...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti