Avqustun 27-də saat 10.00-dan 13.00-a kimi Bakının Xətai adına Mədəniyyət Sarayında Azərbaycan Demokrat Partiyasının (ADP) ümumrespublika müşavirəsi keçiriləcək. Müşavirədə ADP sədri Rəsul Quliyevin Azərbaycana dönüşü ilə bağlı məsələ öz həllini tapacaq. Bu barədə Trend -ə ADP sədrinin müavini Taliyət Əliyev məlumat verib.
O, həmçinin qeyd edib ki, müşavirədə eks-spikerin Azərbaycana dönüşünü təmin edən qətnamə qəbul olunaraq bütün beynəlxalq təşkilatlara göndəriləcək.
"Qətnamə qəbul edildikdən sonra Rəsul Quliyevin vətənə qayıdışını təmin edəcək variantlar üzərində işləyəcəyik. Rəsul Quliyevin Azərbaycana nə vaxt dönəcəyi isə müşavirədə məlum olacaq. Rəsul Quliyevin özü selektor vasitəsi ilə müşavirəyə qatılacaq və Azərbaycana nə vaxt dönəcəyinin tarixini məhz həmin gün özü müəyyənləşdirəcək" - deyə T. Əliyev qeyd edib.