...

Ağdamda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2015 17:04 (UTC +04:00)
Ağdam rayonunun cəbhə zonasında yerləşən Evoğlu kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Ağdamda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Ağdam rayonunun cəbhə zonasında yerləşən Evoğlu kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Trend Fondun saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər məktəbəqədər tədris müəssisəsinin istifadəyə verilməsinə görə tədbir iştirakçılarını, uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib, uşaqlara ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıblar.

Ölkəmizdə uşaqların hərtərəfli qayğı ilə əhatə olunduğunu, keyfiyyətli təhsil və tibbi xidmətlərlə təmin edildiyini diqqətə çatdıran natiqlər bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıblar. Bildirilib ki, respublikamızın hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir və əsaslı şəkildə yenidən qurulur. Bütün bölgələrdə olduğu kimi, Ağdam rayonunda da yeni inşa olunan uşaq bağçası bu sahədə görülən işlərin növbəti əyani nümunəsidir.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri və kənd sakinləri göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və bağçanın tikintisində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar. İkimərtəbəli 100 çarpayılıq körpələr evində uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar formalaşdırılıb. Otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.

Bağçanın həyətində uşaq əyləncə vasitələri quraşdırılıb, yaşıllıq zolaqları salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti