...

Nazirlik rəsmisi: Gənc həkimlər test tapşırıqlarında daha yüksək nəticə göstərir

Cəmiyyət Materials 30 Sentyabr 2016 17:09 (UTC +04:00)
Azərbaycanda təqaüd yaşına çatan həkimlər çox olduğundan sertifikasiya imtahanlarında iştirak edənlər arasında da yaşlılar çoxluq təşkil edir.
Nazirlik rəsmisi: Gənc həkimlər test tapşırıqlarında daha yüksək nəticə göstərir

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycanda təqaüd yaşına çatan həkimlər çox olduğundan sertifikasiya imtahanlarında iştirak edənlər arasında da yaşlılar çoxluq təşkil edir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin yanında Sertifikasiya Komissiyasının rəhbərinin müavini Müşgünaz Şahmuradova bu gün keçirdikləri mətbuat konfransında deyib.

M.Şahmuradova bildirib ki, yaşlılar təcrübələri olduğundan daha çox praktiki fəaliyyətlə bağlı klinik tapşırıqlara, gənclər isə test suallarına yaxşı cavab verirlər: "Yaşlılar yaddaş məsələsinə görə testləri əzbərliyə bilmirlər. Gənclərdə isə bu, əksinədir. Gənclər buna görə də test tapşırıqlarında yüksək nəticə toplaya bilirlər".

M.Şahmuradova əlavə edib ki, xaricdə təhsil alıb Azərbaycanda işləmək istəyən həkimlər əvvəl Təhsil Nazirliyində nostrifikasiyadan keçdikdən sonra təkmilləşdirmə kursuna cəlb olunaraq imtahanlarda iştirak edirlər: "Onların da arasında sertifikasiyadan keçməyənlər olur. Lakin belə həkimlərin sayı çox azdır. Sertifikasiyadan keçən 22 mindən çox həkimin təxminən 56-60 nəfəri nostrifikasiyadan keçən həkimlərdir".

Komissiya rəsmisi deyib ki, sertifikasiya imtahanlarından keçə bilməyən şəxslərə növbəti 6 ay ərzində təkrar imtahan üçün şans verilir. Bu müddət ərzində onlar iş yerləri saxlanılmaq şərti ilə praktiki fəaliyyətdən uzaqlaşdırılırlar: "Sertifikasiyadan keçdikdən sonra həmin şəxsin praktiki fəaliyyətinin dayandırılması ilə bağlı əmri ləğv edilir və yenidən işə buraxılır. Əgər həmin şəxs ikinci dəfə də imtahandan kəsilərsə, onda Əmək Məcəlləsinə uyğun olaraq iş müqaviləsinə xitam verilir".

M.Şahmuradovanın sözlərinə görə, sertifikasiya imtahanlarının nəticələrindən yalnız öz savadlarına arxayın olmayan insanlar şikayət edirlər: "İmtahan nəticələrindən o şəxslər narazılıq edir ki, onlar öz savadlarına arxayın deyillər. Həmin adamlar yerli-yersiz söhbətlər yayırlar. Lakin öz biliyinə arxayın olan şəxs yaşından asılı olmayaraq imtahanda iştirak edir. Məsələn, bu yaxınlarda 67 yaşlı həkim Səhiyyə Nazirliyinə müraciət edərək deyib ki, sertifikasiya imtahanlarında iştirak etmək istəyir. Keçən il isə əmək müqaviləsi ilə işləyən 68 yaşlı həkim öz xahişi ilə imtahan prosesində iştirak edərək uğurlu nəticə göstərib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti