...

Hesablama Palatasının sədri: Dövlət auditinin məqsədi maliyyə pozuntularının profilaktikasıdır (Eksklüziv)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2015 11:23 (UTC +04:00)
Trend-in Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla müsahibəsi
Hesablama Palatasının sədri: Dövlət auditinin məqsədi maliyyə pozuntularının profilaktikasıdır (Eksklüziv)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Azad Həsənli/

Trend-in Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla müsahibəsi

- Cari qlobal sistemli böhran şəraitində mövcud resursların istifadəsinə hansı tələblər qoyulur?

- Aydındır ki, büdcə vəsaitlərinin qənaətli və səmərəli istifadəsi ön plana çıxır. Cənab Prezident iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə bununla bağlı öz mövqeyini açıq şəkildə qeyd etmişdir: israfçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Ölkə başçısının sahibkarların fəaliyyətinin yoxlanılması ilə bağlı qəbul etdiyi qərarlar büdcə gəlirlərinin artırılmasına mühüm və strateji şəraiti formalaşdıracaq. Paralel olaraq büdcə xərcləri də effektiv istifadə olunmalı, düzgün planlaşdırılmalıdır. Maliyyə planlaşdırılması və icrası prosesində intizamın gücləndirilməsi maliyyə nəzarətinin effektivliyinin yüksəldilməsini zəruri edir. Respublikamızda maliyyə nəzarətini bir neçə dövlət orqanı həyata keçirir və müəyyən edilmiş prioritetlər hər bir qurumdan öz fəaliyyətini gücləndirməyi tələb edir.

- Ölkə başçısının mövqeyi, eyni zamanda, nəzarət orqanlarının fəaliyyətini də uzlaşdırmağı tələb edir.

- Tamamilə düzdür. Bu, dövlət maliyyə nəzarəti sisteminə daxil olan hər bir qurumun öz fəaliyyətinin uyğun şəkildə planlaşdırmasına, digər nəzarət orqanları ilə birgə əməkdaşlığın təmin olunmasına xidmət etməlidir. Eyni zamanda, nəzarət orqanlarının fəaliyyətində şəffaflığın və obyektivliyi artırılması, həmin qurumların nəzarət obyekti olan dövlət orqanları ilə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi də vacibdir. Bu zaman isə bir sıra digər vacib məsələləri həll etmək lazımdır. Bu məsələlərə nəzarət orqanlarının fəaliyyət dairəsinin dəqiqləşdirilməsi, başqa sözlə, sərhədlərin müəyyən olunması, hər bir nəzarət qurumu üzrə tətbiq olunan nəzarət metodologiyasının konkretləşdirilməsi, nəzarətin nəticələri ilə bağlı fəaliyyətin sistemləşdirilməsi və s. bu kimi məsələlər daxildir.

- Bu istiqamətdə qanunvericilik aktlarında mövcud əsas problemlər hansılardır?

- Hal-hazırda qüvvədə olan və müvafiq fəaliyyəti tənzimləyən qanunvericilik aktlarında əsas problemlərdən biri nəzarətin metodologiya və terminologiyası ilə bağlıdır. Bu problemlər yuxarıda qeyd olunan digər problemlərin yaranmasına səbəb olur. Belə ki, dövlət maliyyə nəzarəti sisteminə daxil olan orqanların fəaliyyəti ilə bağlı qanunvericilik aktlarında nəzarətin forma və metodlarına vahid yanaşma mövcud deyil. Ümumiyyətlə, deyərdim ki, bu forma və metodların tərifləri konkretləşdirilməyib. Bu əsasdan da nəinki nəzarət orqanları, həmçinin, nəzarət obyektləri və cəmiyyət arasında bir sıra qeyri-müəyyənliklər və anlaşılmazlıqlar meydana çıxır. Bütün bu meyllər isə nəzarətin effektivliyini zəiflədir.

- Sizcə, müzakirə etdiyimiz problemlərin həlli üçün hansı addımlar atılmalıdır?

- İlk olaraq dövlət maliyyə nəzarəti orqanlarının fəaliyyətini tənzimləyən dövlət orqanlarının fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazası formalaşdırılmalıdır. Bu məqsədlə Hesablama Palatası ilə bağlı yeni qanun layihəsi artıq hazırlanmışdır. Yuxarıda qeyd olunan və olunmayan bir çox məsələlərin həlli hüquqi bazanın təkmilləşdirilməsindən keçir. Bununla bağlı dünya təcrübəsində bir neçə yanaşma tətbiq edilir. Məsələn, Qazaxıstan Respublikasının parlamenti bu yaxınlarda "Dövlət auditi və maliyyə nəzarəti" haqqında qanun qəbul edib. Həmin qanunla büdcə vəsaitlərinə nəzarət sistemi, o cümlədən, dövlət auditinin əsas prinsipləri, tətbiq edilən metodlar, kənar və daxili nəzarət mexanizmləri və s. məsələlər tənzimlənir, nəzarət sistemində tələb olunan meyarlarla bağlı konkret müddəalar əks etdirilir.

- Vüqar müəllim, siz "dövlət auditi" terminindən istifadə etdiniz. Bu termin respublikamız üçün yenidir.

- Dövlət auditi dövlətin bütün formalarda resurslarının idarə olunmasında effektivliyin yüksəldilməsinə yönəldilən fəaliyyətdir. Məqsədi təkcə maliyyə hesabatlılığının yoxlanılmasından ibarət deyil, bu yanaşma dövlət qurumlarının sərəncamında olan resursların istifadəsi ilə bağlı dövlətin və cəmiyyətin adından ictimai nəzarətin təmin edilməsi məqsədinə xidmət edir. Bu konsepsiya ilk olaraq büdcə prosesini təkmilləşdirmək, dövlət auditinin terminoloji və metodoloji vahidliyini təmin etmək, dövlət auditinin obyektlərini təsnifləşdirmək, büdcə vəsaitlərinin istifadəçilərinin fəaliyyətinin nəticə göstəriciləri sisteminin yaradılması, maliyyə pozuntularının təsnifatının yaradılması və s. bu kimi kompleks və zaman tələb edən prosesləri əhatə edir. Dövlət auditi büdcə vəsaitlərinin paylanması və icrasına nəzarətin elə bir sistemidir ki, həmin sistemin fəaliyyəti büdcə istifadəçiləri tərəfindən əldə edilmiş resurslar müqabilində məqsədlərə nail olunma səviyyəsi barədə tam məlumatı təqdim etmiş olur və həmin məlumat da, öz növbəsində, büdcə siyasətinin konturlarını müəyyən edir. Diqqətdə saxlamaq lazımdır ki, maliyyə nəzarətinin əsas məqsədi pozuntunu müəyyən etməkdirsə, dövlət auditinin məqsədi maliyyə pozuntularının baş verməsinin qarşısının alınması, bu pozuntuların profilaktikasıdır. Dövlət auditi qurum qarşısında qoyulmuş vəzifələrə nail olunması, mövcud resurslarda səmərəli istifadə və təqdim edilən xidmətin keyfiyyəti ilə bağlı funksional təhlil etmək və qiymətləndirməkdirsə, maliyyə nəzarəti aşkar edilmiş nöqsanların aradan qaldırılması və günahkarların cəzalandırılmasını nəzərdə tutan tədbirlər kompleksidir.

- Siz dövlət maliyyə nəzarəti sistemində vahid yanaşmanın təkcə metod, termin və formaların deyil, eyni zamanda, nöqsanlar və pozuntuların müəyyənləşdirilməsi üçun də zəruri olduğunu qeyd etdiniz. Pozuntuların təsnifatının yaradılması hansı məqsədə xidmət edəcək?

- Dövlət auditinin effektivliyinin yüksəldilməsi, maliyyə nəzarəti orqanlarının fəaliyyətinin sistemləşdirilməsi yolunda ilk və vacib addımlardan biri də məhz bu təsnifatın yaradılmasıdır. Bu yanaşma maliyyə intizamının pozulması faktlarına sistemli yanaşmanı təmin edər. Nəticədə nəzarəti həyata keçirən qurumların da fəaliyyətində müəyyən həmahənglik, sinxronlaşma yaranar. Bununla yanaşı, pozuntuların təsnifatının yaradılması nəzarət obyektləri ilə də fikir müxtəlifliyinin formalaşması hallarını azaldar. Pozuntuların təsnifatı normativ-hüquqi bazaya müvafiq dinamik olaraq yenilənən və təkmilləşdirilən çevik bir sənəd olmalıdır. Qeyd edim ki, Hesablama Palatası tərəfindən belə bir təsnifatın ilkin layihəsi artıq hazırlanmışdır.

- Qeyd etdiniz ki, dünya təcrübəsində maliyyə nəzarəti sistemini tənzimləyən bir neçə yanaşma var. Daha hansı təcrübədən istifadə olunur?

- Yuxarıda qeyd etdim ki, büdcə vəsaitlərinin qənaətli və səmərəli istifadəsi müasir dövrün əsaslı fiskal tələblərindəndir. Dövlət büdcəsi xərclərinin düzgün planlaşdırılması və effektiv icrası bu istiqamətdə də normativ bazanın təkmilləşdirilməsini tələb edir. Dövlət maliyyə nəzarəti və maliyyə-büdcə sistemini tənzimləyən mövcud qanunvericilik aktlarının təkmilləşdirilərək vahid şəkildə məcəllələşdirilməsi hər iki istiqamətdə problemlərin həll edilməsinə və fəaliyyətin təkmilləşdirilməsinə xidmət etmiş olar. Geniş aspektli fəaliyyəti tənzimləyən hüquqi bazanın məcəllələşdirilməsi ən geniş yayılmış yanaşmadır və inkişafın üst pilləsi üçün xarakterikdir. Məlumat üçün qeyd edim ki, respublikamızda iyirmiyə yaxın məcəllə qüvvədədir və bu məcəllələr müvafiq sahədə çoxaspektli fəaliyyətin çevik və uzlaşdırılmış şəkildə həyata keçirilməsini uğurla təmin edir. Bu baxımdan "Büdcə məcəlləsi"nin qəbulu həm əsas maliyyə əməliyyatı olan büdcə proseslərini, həm də bu əməliyyatlar üzərində nəzarət sisteminin vahid kompleks kimi tənzimlənməsini təmin etmiş olar.

- "Büdcə məcəlləsi"nin qəbulu nəzarət aspektindən nə dərəcədə zəruridir?

- Qeyd etdiyim kimi, hər bir nəzarət orqanının qanunvericiliklə müəyyən edilmiş funksiya və səlahiyyətləri var. "Büdcə məcəlləsi" maliyyə nəzarətinin kompleksləşməsini, metod və formaların, terminlərin sinxronlaşmasını, nəzarət orqanlarının yerini müəyyən edən vacib sənəddir. Maliyyə nəzarətinin məqsədi dövlətin vəsaitlərinin səmərəli, qənaətli istifadəsini təmin etməkdir, başqa sözlə, mövcud resursların rasional istifadəsinə dəstək olmaqdır. "Büdcə məcəlləsi" bu məqsədin reallaşdırırılmasında səlahiyyətlər arasında sərhədləri, nəzarət orqanlarının vəzifələrinin bölgüsünü təmin edir və hansı orqanın hansı metod və formalardan istifadə edə bilməsini müəyyən edir. Məcəllə, yuxarıda da söylədiyim kimi, büdcənin planlaşdırılması, tərtibi və icrası, eyni zamanda, icrasına nəzarəti tənzimləməklə kompleks və sistemli yanaşmanı formalaşdırır. Bu baxımdan, "Büdcə məcəlləsi"nin qəbulu maliyyə nəzarəti baxımından səmərəliliyin, hesabatlılığın və şəffaflığın yüksəldilməsinə yalnız və yalnız müsbət töhfə verər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti