...

İlham Əliyev: Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2015 23:09 (UTC +04:00)
“Azərbaycan nəinki regionda, artıq Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı öz dəyərli töhfəsini verməkdədir. Bizim rolumuz artır. Rolumuz artdıqca əlbəttə ki, ölkəmizin imkanları da, beynəlxalq nüfuzu da, təsir imkanlarımız da genişlənir. Biz əlbəttə ki, bunu yaxşı bilirik və bundan istifadə etməliyik”.
İlham Əliyev: Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir

Bakı. Trend:

"Azərbaycan nəinki regionda, artıq Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı öz dəyərli töhfəsini verməkdədir. Bizim rolumuz artır. Rolumuz artdıqca əlbəttə ki, ölkəmizin imkanları da, beynəlxalq nüfuzu da, təsir imkanlarımız da genişlənir. Biz əlbəttə ki, bunu yaxşı bilirik və bundan istifadə etməliyik".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisinin ilk iclasında çıxışı zaman deyib.

Dövlət başçısı vurğulayıb ki, bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır:

"Getdikcə biz tərəfdaşlarımızın coğrafiyasını genişləndirəcəyik, artıq genişləndirmişik. İmzalanan kontraktlar artıq yeni bir vəziyyətə gətirib çıxarıbdır. Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir. Qeyd etməliyəm ki, burada, ilk növbədə, ölkəmiz bu təşəbbüsləri irəli sürərək liderlik göstərib. Bu gün geniş beynəlxalq əməkdaşlıq formatı da məhz ölkəmizin təşəbbüsü ilə formalaşıbdır. "Cənub" qaz dəhlizinin reallaşması bizim imkanlarımızı daha da genişləndirəcək, həm iqtisadi, həm siyasi imkanlarımız böyük dərəcədə artacaqdır. Beləliklə, ölkəmizin gücü artacaq və bölgədə, qitədə gedən proseslərə təsir imkanlarımız da təbii ki, daha da güclü olacaqdır. "Cənub" qaz dəhlizi layihəsi bizim üçün strateji layihədir. Bu layihənin icrası işinə Azərbaycan əvəzolunmaz töhfə verib və verməkdədir.

Nəqliyyat sektorunda biz indi tərəfdaş ölkələrlə çox önəmli layihələr üzərində işləyirik, bir neçə ildir ki, işləyirik. Azərbaycanı nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzinə çevirmək üçün biz konkret addımlar atmışıq".

İlham Əliyev vurğulayıb ki, bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşır:

"Azərbaycan hər iki layihədə çox ciddi rol oynayır. Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün ölkəmiz yüz milyonlarla dollar vəsait sərf edibdir. Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün yenə də biz maliyyə vəsaitimizi səfərbər etmişik və tərəfdaş ölkələrlə bu layihə üzərində indi çox ciddi işləyirik. Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir. Eyni zamanda, Azərbaycan nəqliyyat sahəsində əvəzolunmaz rola malik olacaqdır. Coğrafi vəziyyətimiz bizə bu imkanları yaradır. Ancaq biz bu coğrafi vəziyyətə infrastruktur layihələrini əlavə edirik, böyük vəsait qoyulur. Nəqliyyat infrastrukturu Azərbaycanda bu gün ən çox sərmayə alan sahədir və bu, ölkəmiz üçün çox lazımdır, biz bunu etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti