Azərbaycan Diplomatik Akademiyası Britaniya universiteti ilə kadr mübadiləsi aparacaq

Foto: Azərbaycan Diplomatik Akademiyası Britaniya universiteti ilə kadr mübadiləsi aparacaq / Cəmiyyət

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/

Bu gün Azərbaycan Diplomatik Akademiyası Böyük Britaniyanın Qlazqo Universiteti ilə əməkdaşlığa dair saziş imzalayıb. Sazişə uyğun olaraq təhsil ocaqları tələbə və müəllim mübadiləsi, birgə araşdırmalar, simpozium və mühazirələr təşkil edəcəklər. Bu barədə Diplomatik Akademiyanın məlumatında deyilir.

Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Qlazqo Universiteti ilə əməkdaşlığın qurulmasını əlamətdar hadisə adlandırıb. "Dünyanın 100 ən yaxşı universitetləri sırasında olan Qlazqo Universiteti ilə əməkdaşlığın yaradılması müsbət haldır. Hər il dünya ölkələrindən minlərlə tələbə qəbul edən bu təhsil ocağı beynəlxalq münasibətlər, diplomatiya və sosial elmlər sahəsində təhsil alan gəncləri Azərbaycana göndərməyi planlaşdırır. Akademiyamızda Xəzər dənizi hövzəsi və Qafqaz üzrə hazırlanmış proqrama xüsusi maraq göstərən Qlazqo Universiteti öz tələbələrini gələn ildən başlayaraq Bakıya göndərmək niyyətindədir. Onlar mükəmməl təhsil almaqla yanaşı, yerli reallıqlarla tanış olmaq imkanı qazanacaqlar. Eyni zamanda, Qlazqo Universitetinə səfər edəcək Azərbaycanlı tələbə və müəllimlər onların təcrübəsindən bəhrələnə biləcəklər", - Paşayev deyib.

Qlazqo Universitetinin Orta və Şərqi Avropa Araşdırmaları Departamentinin rəhbəri Devid Smit bildirib ki, bu, Qafqaz ölkələri arasında onların imzaladığı ilk əməkdaşlıq sazişidir. "Sizin çox gözəl tərtib olunan kurslarınız var. Bizim tələbələr üçün bu çox maraqlı olacaq. Əminəm ki, bizim Avropa və Şimali Amerikadan olan tələbələrimiz Qafqaz, Orta Asiya, Xəzər dənizi ətrafındakı ölkələr haqqında ADA-da informasiya almağa çox şad olacaqlar", - o deyib.

Azərbaycan Diplomatik Akademiyası son iki ayda Türkiyənin Bilkənt və Orta Doğu Teknik Universiteti, Omanın Diplomatik İnstitutu ilə də elmi əməkdaşlıq haqqında razılığa gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az