...

Növbəti erməni təxribatı və ya iti kim qısqırtdı...

Nəzər nöqtəsi Materials 28 Fevral 2017 08:00 (UTC +04:00)
Təbii ki, bu “maşın” öz-özünə işləmir; necə deyərlər, iti qısqırdan var.
Növbəti erməni təxribatı və ya iti kim qısqırtdı...

Bəxtiyar Hacıyev – Trend:

Fevralın 24-dən 25-nə keçən gecədən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətməyə cəhd ediblər. Əvvəlcə cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə Azərbaycan Ordusu arasında ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Beş QƏHRƏMAN hərbi qulluqçumuz şəhid olub.

Ermənistan tərəfi növbəti dəfə Talış kəndi istiqamətində təxribat törətməyə cəhd edib. Lakin yenə də ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı alınıb. Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.

Bundan başqa, Ermənistan tərəfi növbəti dəfə qeyri-insani simasını nümayiş etdirərək döyüş meydanından meyitlərin çıxarılması barədə beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığın şərtlərini pozub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun meyitlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12:00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı. Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb. Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib.

Budəfəki təxribat həm də Xocalı soyqırımının 25-ci ildönümünə təsadüf etdi. Sanki ermənilər bununla yenidən belə bir soyqırım törətmək “gücündə” olduqlarını nümayiş etdirmək istəyirdilər. Bu gücdə olmasalar da, belə niyyətlərinin olduqlarına qətiyyən şübhə etmirik. Amma erməni lobbisinin, xarici qüvvələrin sifarişlərini yerinə yetirən Ermənistanın hərbi cinayətkar rejimi anlamalıdır ki, Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Sarkisyan rejiminin özü də bunun şahidi olub – ötən ilin aprelində. Bəli, məhz ötən ilin aprelində Azərbaycan Ordusu sarsıdırıcı zərbələr endirərək düşmənə yerini göstərdi, Lələtəpə kimi bir sıra strateji mövqeləri ələ keçirdi, minlərlə hektar torpaq işğaldan azad edildi. Aprel döyüşlərindəki qələbənin məntiqi nəticəsi olaraq, bu gün artıq Cocuq Mərcanlı kəndinə qayıdış başlayır, ərazidə infrastruktur işlərinə start verilib.

Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi məhv edilib - 25.02.2017

Məlum olduğu kimi, bu, Ermənistanın yeni və sonuncu təxribatı deyil. Bütün bu təxribatlar da məqsədli şəkildə törədilir: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda müəyyən razılaşma əldə olunanda və bu razılaşmanın icrası tələb olunanda, Azərbaycanın təkidi ilə beynəlxalq qurumlar Ermənistana müəyyən təzyiq göstərəndə, məsələn, şəhid hərbçimiz Çingiz Qurbanovun meyitinin qaytarılmasını tələb edəndə, eləcə də Azərbaycan beynəlxalq səviyyədə yeni uğurlar əldə edəndə cəbhədə erməni təxribat “maşın”ı işə düşür. Təbii ki, bu “maşın” öz-özünə işləmir; necə deyərlər, iti qısqırdan var. Bu maşını işə salan isə erməni lobbisi və Azərbaycana təzyiq göstərməyə cəhd edən müəyyən qüvvələrdir.

Təxribatın digər ənənəvi məqsədi isə Ermənistan ictimaiyyətinin fikrini ölkə daxilindəki mürəkkəb iqtisadi vəziyyətdən yayındırmaqdır. İşsizlikdən, yoxsulluqdan əziyyət çəkən Ermənistan xalqının hər an ayağa qalxıb haqqını tələb edə biləcəyindən qorxan hakimiyyət cəbhə xəttində təxribat törətməklə daxili gərginliyin sanki “yerini dəyişdirmək” istəyir.

Şübhəsiz ki, ermənilərin növbəti təxribatı da iflasa uğrayacaq. Mətin Azərbaycan Ordusu istənilən hücumun qarşısını almağa, düşməni məhv etməyə, torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır və qadirdir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti