...

Model olmaq aparıcılıqdan daha çətindir - "Azəri Top Model"in tanınmış siması İlqar Əliyev (FOTO)

Mədəniyyət Materials 25 İyul 2011 18:27 (UTC +04:00)
"Azəri Top Model" müsabiqəsinin gündəliklərinin aparıcısı, tanınmış model İlqar Əliyev hər həftənin cümə axşamı və cümə günləri 20 dəqiqəlik buraxılışlarında özünü fərqli ampluada sınamasından çox razıdır.
Model olmaq aparıcılıqdan daha çətindir - "Azəri Top Model"in tanınmış siması İlqar Əliyev (FOTO)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Lider TV-də yayımlanan və tamaşaçıların maraqla izlədikləri "Azəri Top Model" müsabiqəsinin gündəliklərinin aparıcısı, tanınmış model İlqar Əliyev hər həftənin cümə axşamı və cümə günləri 20 dəqiqəlik buraxılışlarında özünü fərqli ampluada sınamasından çox razıdır. Trend-ə danışan model, ilk növbədə, sözügedən layihəyə ikinci aparıcı kimi cəlb edildiyinə görə müsabiqənin ideya müəllifi və aparıcısı, Rus Dram Teatrının aktyoru, əməkdar artist Firdovsi Atakişiyevə təşəkkürünü ünvanladı.

"Bir aydan artıqdır ki, peşəkar bir komandanın əhatəsində mehriban bir ailəyə çevrilmişik. Sağ olsun Firdovsi müəllim ki, məni də bu layihəyə aparıcı kimi dəvət etdi və iş sferamda rəngarənglik yaranmasına səbəb oldu. O ki qaldı modelliklə tele-aparıcılığın müqayisəsinə, məncə, iki peşə də ayrı-ayrılıqda çox çətin və məsuliyyətlidir. İllərdən bəri podiumda olmağıma baxmayaraq, məncə model olmaq aparıcılıqdan daha çətindir. Geyimi təqdim etmək verilişi aparmaqdan xeyli məsuliyyətlidir. Çəkilən kadrları montaj etməklə tele-aparıcı haradasa özünü sığorta etmiş olur, amma səhnədə Allah göstərməsin, model həyəcandan büdrəsə və ya əynindəki geyimi düzgün təqdim etməsə, bu çox bağışlanmaz bir səhv olar onun üçün", - İlqar Əliyev dedi.

Kompleksiz model-aparıcı daha sonra fotokameramızın obyektivi qarşısına keçməyi də unutmadı. Özünəməxsus imici ilə seçilən İlqar səhnə arxasında olsa belə, öz işinə necə həvəslə yanaşdığını nümayiş etdirməyə çalışdı.

Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22:30-dan başlayaraq gecəyarısına qədər Lider TV-də canlı yayımlanır. Müsabiqənin 27 iyula - yəni bu günə təsadüf edəcək buraxılışı da çox maraqlı olacaq.

Qeyd edək ki, "Azəri Top Model"in informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti