...

Yarat! "PARTICIPATE" Baku Public Art layihəsini təqdim edir

Mədəniyyət Materials 12 Mart 2013 10:12 (UTC +04:00)
“YARAT!” müasir incəsənət məkanı birinci “012 Baku Public Art” festivalının uğurlarından ilhamlanaraq “PARTICIPATE” Baku Public Art layihəsini təqdim edir.
Yarat! "PARTICIPATE" Baku Public Art layihəsini təqdim edir

Azərbaycan, Bakı, 12 mart /Trend/

"YARAT!" müasir incəsənət məkanı birinci "012 Baku Public Art" festivalının uğurlarından ilhamlanaraq "PARTICIPATE" Baku Public Art layihəsini təqdim edir. Bu layihə, açılışı 2013-cü ilin mart ayının 15-də olacaq, Azərbaycan və xarici rəssamların 10 əsərini özündə cəmləşdirən festivalın keçirilməsindən ibarətdir. "PARTICIPATE" Baku Public Art layihəsinin məqsədi, müasir şəhərlər üçün "Public Art"ın rolu və əhəmiyyəti haqqında müəyyən təsəvvürləri təkmilləşdirmək, həmçinin Azərbaycanda müasir incəsənət anlamını daha da dərinləşdirməkdir.

Azərbaycan, Rusiya, Böyük Britaniya, ABŞ, Gürcüstan və Hollandiyadan olan rəssamların əsərləri növbəti altı ay ərzində şəhərimizin müxtəlif yerlərində nümayiş etdiriləcəkdir. Festival əsərləri sırasına ABŞ-dan yaradıcı qrup Rebarın səyyar, fiziki guc ilə hərəkət etdirilə bilən park - "PARKCYCLE", Hollandiyadan Florentin Hofmanın hava ilə doldurulmuş nəhəng "REZİN ÖRDƏK" və Azərbaycandan Afət Bağırovanın fəlsəfi-etiraf əsərləri daxil edilmişdir. Festivalı xarakterizə edən əsas cəhətlərdən biridə onun mühazirələrlə, seminarlarla, master-klasslarla müşayiət olunması və tamaşaçılarin iştirakıdır.

Festival iştirakçıları,

Azərbaycandan:

Afət Bağırova

Çingiz Babayev

Fərhad Haqverdiyev

Orxan Məmməd

Səbinə Şıxlinskaya

Xarici ölkələrdən:

Nailə Allahverdiyeva (Rusiya)

Rebar qrupu (ABŞ)

"Bulyon" qrupu (Gürcüstan )

Florentijn Hofman (Hollandiya)

Patrisio Forester və Artmongers (Böyük Britaniya)

"PARTICIPATE" Baku Public Art festivalın açılışı bu il ölkəsini rəsmi olaraq Venesiya Biennalesində qurulan "Gürcüstan pavilyonu" ilə təmsil edən "Bulyon" qrupun "Mənzil 9" əsərinin təqdimatı ilə olacaqdır. Rəssamlar festival qonaqlarının sərbəst hərəkətlərini məhdudlaşdıraraq tam bir mənzili ağ rəngə boyayacaqlar. Bu təqdimat ictimai məkanda şəxsi azadlıq təəssüratlarını yaradacaq və bizi Sovet və post-Sovet dövrlərinin reallıqlarına aparacaqdır. Rəssamlara görə, "Sovet İttifaqı dövründə ictimai məkan anlayışı mövcud olmamışdır. "İctimai məkan" anlayışı siyasi təbliğatın aparılması məqsədilə istifadə olunmuşdur.

Florentiyn Hofman 12 metr uzunluğunda "Rezin Ördək" adlı əsəri festivalın proqramına xüsusi şuxluq və yumor hissi gətirəcəkdir. Hava ilə doldurulan nəhəng fiqur, uşaqlıqla bağlı xoş xatirələri canlandıracaq və çoxlu tamaşaçıların qəlbində rəğbət doğuracaqdır. Rəssamın qeyd etdiyi kimi: "Bu əsərin dərin şəxsi, eyni zamanda ümumi olan özəlliyi vardır ki , bu da mədəni, dil və yaş həddini aradan qaldırmağa imkan verir." "Rezin Ördək"lə gözlənilməz qarşılaşma tamaşaçılarda həm sevinc və həm də təəccüb hissi yaradacaq, bizim şəhər mühütündə müasir incəsənət haqqında təsəvvürlərimizi tamamilə dəyişdirəcəkdir.

ABŞ-ın Rebar qrupunun yaratdığı "Parkcycle" əsəri əslində Bakı küçələrində gəzdiriləcək bir ağaclı kiçik səyyar parkdır. Müəlliflər tərəfindən "ictimai yerlərdə insan tərəfindən idarə olunan sistem" kimi təsvir olunan bu əsər, ilk dəfə 2007-ci ildə San-Fransisko şəhərində yaradılıb və yerləşdiyi yerdə insanların yaşıl sahələrə çıxış əldə etməsini asanlaşdırıb. Rebar qrupun bu parkı Bakı şəhərinə gətirməkdə məqsədi, bu cür ictimai heykəltəraşlıq janrının xüsusiyyət və imkanlarını genişləndirmək, həmçinin ümumi maarifləndirmə səviyyəsini yüksəltmək və yaşıl sahələrin nə qədər əhəmiyyətli olduğunu təbliğ etməkdir.

Yerli, Azərbaycan rəssamlarının təqdim edəcəyi layihələr Festivala gələn tamaşaçıların iştirakını nəzərdə tutur. Bakı şəhərində yaşayan və işləyən insanlarının həyatını əhatə edən Afət Bağırova tərəfindən yaradılan "Sirrini Mənə Söylə" əsərində tamaşaçılara qulaq şəklində qurulan guraşdirma təqdim edilir. O, tamaşaçılara öz sirlərini danışmaq, eyni zamanda əsərin digər tərəfində yerləşən qulaqlıqlar vasitəsilə müxtəlif insanların sirlərinə qulaq asmaq imkanını yaradır.

Orxan Məmməd "VİP keçid" adlı əsərində Bakı şəhərində yol-nəqliyyat problemlərini təsvir etmişdir. O, həmçinin piyadaları məlumatlandırmaq və keçidlərdən istifadə dərəcəsini artırmağa çalışacaq. Bunun üçün o, Bakı şəhərində bir o qədər istifadə olunmayan keçidləri bəzəyəcək, " VİP qırmızı xalça" effektini yaradacaqdır.

Rəssam Çingiz Babayevin yaratdığı fəlsəfi multimedia "Müsbət ya Mənfi?" adlı layihəyə uyğun olaraq, sakinlərinin əhval-ruhiyyəsi sorğu-sual ediləcək və bununla onların emosiyaları izhar olunacaqdır.

Fərhad Haqverdiyev isə, əksinə olaraq, Bakıda ən özəl və ən baxımsız sayılan məkandan - arxa həyətdən bəhs edəcək. Azərbaycan paytaxtında bina fasadlarının bəzədilməsinə cavab olaraq, rəssam çox zaman nəzarətsiz buraxılan özəl sahələri əlvan rənglərə boyamaqla, həyətlərə ictimai marağın artırılmasına nail olmağa çalışır.

"PARTICIPATE" Baku Public Art festivalı 6 ay ərzində texniki üslubuna və mənasına görə fərqlənən çoxsaylı ictimai tədbirlər keçirməklə Bakı şəhərində müəyyən dəyişiklər etmək qərarına gəlib. Festivalda iştirak edən rəssamlar, şəhər əhalisi ilə ünsiyyət yaratmaqla sosial və yaradıcılıq baxımından təkmilləşdirmə işlərini həyata keçirmək niyyətindədir.

Festivalın son həftəsi

Festival zamanı müxtəlif ölkələrdən gələn rəssamların, kuratorların və mühazirəçilərin iştirakı ilə təhsil tədbirləri keçiriləcək. Beləliklə, dünya ictimaiyyəti Bakını və Azərbaycanı inqilabi müasir incəsənət məskəni kimi qəbul edə biləcək.

YARAT! Müasir İncəsənət Məkanı

Aidə Mahmudova tərəfindən 2011-ci ildə təsis edilmiş YARAT! Müasir İncəsənət Məkanı, Azərbaycanda müasir incəsənət anlayışının yayılmasına, ölkədə və onun hüdudlarından kənarlarda Azərbaycan incəsənətinin platformasını qurmağa çalışan qeyri-kommersiya təşkilatıdır.

Bakı şəhərində yerləşən YARAT! ("yarat" - burada "qur" mənasını verir) təşkilatı davamlı olaraq sərgilər, təhsil tədbirləri və festivallar keçirməklə öz missiyasını yerinə yetirir. Fondlar, sərgi salonları və muzeylər daxil olmaqla, yerli və beynəlxalq incəsənət şəbəkələri arasında dialoqun və təcrübə mübadiləsinin aparılmasına çalışır. Təşkilat ixtısasartırma kursları vasitəsilə qlobal mədəniyyət dialoqu və tərəfdaşlığ sahəsində imkanlardan yararlanır.

YARAT! təşkilatının təhsillə bağlı həyata keçirdiyi tədbirlər sırasında, mühazirə, seminar, və vorkşopların təşkil edilməsini, "ARTIM" ("artım" - burda "böyümə", "tərəqqi" mənasını verir) Gənc Rəssamlar Proqramı üzrə görülən işləri qeyd etmək olar. "ARTIM" Proqramı Azərbaycanın istedadlı gənclərin incəsənət sahəsinə cəlb olunması və gənc rəssamlara öz əsərlərini peşəkar kontekstdə nümayiş etdirmək imkanlarını yaradır.

YARAT! yerli incəsənət infrastrukturun inkişafı ilə bağlı öhdəliklərini yerinə yetirmək məqsədilə, nəzdində fəaliyyət göstərən "YAY" ("yay" - burada "paylaş" mənasını daşıyır) kommersiya əsaslı sərgi məkanı ilə həyata keçirdiyi tədbirləri qeyd etməmək mümkün deyildir. Bu öhdəliyə əsasən, "YAY" sərgi salonu satışlardan əldə olunan bütün gəlirləri rəssamlarla YARAT! arasında bölür, bir çox yerli və xarici rəssamlara dəstək olur.

Rəssamların yaratdığı əsərlər:

Xarici İştirakçılar:

Nailə Allahverdiyevanın kurator layihəsi "Cumanci Arzusu"

Rusiya rəssamlarının təqdim etdiyi layihənin məqsədi, çoxsaylı heyvan heykəlləri vasitəsilə heyvanlar aləminin şəhər mühitində yerləşdirilməsinə nail olmaqdır. O, heyvanlar aləminə qarşı olan ikili münasibəti təsvir etməklə, bir tərəfdən ideallaşdırma və həsrət, digər tərəfdən isə, nəzarət və qorxu hisslərini izhar edir. Nailə Allahverdiyeva müasir janrı yaratmağa çalışır və bununla da animalizmin gündəlik həyatımıza nə dərəcədə yaxın olduğunu yada salmaq istəyir.

Rebar qrupu, ABŞ, "Parkcycle" (Səyyar Park)

"Parkcycle" bir ağaclı kiçik səyyar bir parkdır və bir neçə nəfər vasitəsilə onu şəhər içində hərəkətə gətirmək mümkündür. Belə bir "İctimai yerlərdə insan tərəfindən idarə olunan sistem" ilk dəfə 2007-ci ildə San-Fransisko şəhərində yaradılıb və yerləşdiyi yerdə insanların yaşıl məkanlara çıxış əldə etməsini asanlaşdırıb. Bu parkı Bakı şəhərinə gətirməkdə məqsədi, bu cür ictimai heykəltəraşlıq janrının xüsusiyyət və imkanlarını genişləndirmək, həmçinin ümumi maarifləndirmə səviyyəsini yüksəltmək, yaşıl sahələrin nə qədər əhəmiyyətli olduğunu təbliğ etməkdən ibarətdir.

"Bulyon" qrupu, "Mənzil 9" (Performans)

Yaradılan əsərdə özəl və ictimai məkanı, habelə Sovet və post-Sovet dövr fərqini təsvir etmək üçün insana xas olan ən şəxsi məkandan - mənzildən istifadə olunub. Tamaşaçıların qarşısında, "Bulyon" qrupu mənzili ağ boya ilə rəngləyəcək və sərgi məkanında öz hərəkətlərini izhar etməklə, özəl və ictimai məkan arasında mövcud olan sərhəd məsələlərini qaldıracaqdır. Ağ boya ilə rənglənmiş mənzil tamaşaçılara dövlətin siyasi təbliğatından azad olan "Sovet" dövrünün fərdi sərgilərini xatırladacaqdır. Müəlliflərin dediklərinə görə, "Sovet dövründə ictimai məkan mövcud deyildi, "Sovet" dövləti tərəfindən "ictimai" adlandırılan məkan siyasi təbliğat məqsədilə istifadə olunurdu.

Florentiyn Hofman "Rezin Ördək" (Heykəl)

Hollandiyalı rəssam Florentiyn Hofman Bakı şəhərində adı çəkilməyən məkanda 12 metr hündürlüyündə olan və hava ilə doldurulan "Rezin Ördək" adlı heykəlini quracaq. Rəssamın qeyd etdiyinə görə: "Rezin Ördək" sərhədlərə bələd deyil, insanlar arasında ayrıseçkilik etmir və heç bir siyasi qrupla bağlı deyil...O, dərin şəxsi, eyni zamanda ümumi özəlliyi olan, mədəni, dil və yaş həddini aradan qaldıran bir əsərdir."

Patrisio Forester və Artmongers, "Fəlakətdə İncəsənət" (Art layihə, seminar və söhbət)

Britaniya kollektivinin xəstəxanada art layihə, çoxsaylı seminarlar və "İncəsənət Sənin üçün nə edə bilər?" adlı mühazirəsi təşkil olunacaqdır. Nyukomen Mərkəzinin İctimai Kommissiyası autizm xəstəliyinə mübtəla olan uşaqlar üçün Avropanın ən nəhəng xəstəxanasında keçirilən layihəni xüsusilə qeyd etmişdi. Bakı şəhərində keçiriləcək layihə, problemli uşaqları əhatə edəcək. Kollektiv əhəmiyyətli ictimai dəstək hesabına bu cür uşaqlara yardım etmək məqsədilə, yerləşdiyi məkana uyğunlaşan bir əsər yaradacaq.

Azərbaycan Rəssamları:

Afət Bağırova "Sirrini Mənə Söylə" (İnteraktiv heykəl)

Afət Bağırovanın yaratdığı əsər bir ictimai etirafdır; insan qulağı şəklində işlənib hazırlanmış bir heykəl, bir tərəfdən şəxsi sirrləri yazır, digər tərəfdən isə, öncədən nəql olunmuş sirrləri açıqlayır. Bu layihə, digər insanların sirrlərini öyrənmək və öz sirrlərimizi başqaları ilə paylaşmaqla icimai açıqlılığı təşviq edir.

Orxan Məmməd "VİP keçid" (İctimai quraşdirma)

Müəllif, hal-hazırda Bakı şəhərində bir o qədər də istifadə olunmayan, piyadaların həyatlarını təhlükədən qoruyan yeraltı keçidlərdən istifadəni təşviq etmək, bir sıra yeraltı keçidləri VİP xalçalarla və bəzəkli çəpərlə bəzəmək qərarına gəlib. Rəssam piyadaları məlumatlandırmaqla keçidlərin istifadə dərəcəsini artırmağa nail olmağa çalışır.

Fərhad Haqverdi (gənc rəssamlar Həsən Haqverdi, Arif Əmirov və Aydın Bağırovla əməkdaşlıqda)

"YARd ArT" layihəsi (İctimai quraşdirma)

Bakı şəhərində hər bir evin həyəti və ya arxa həyəti, çox özəl, ən baxımsız halda olan, həmçinin geniş istifadə və nəzarət altında olan bir məkandır. Bir sıra arxa həyətlərdə şəkil və qrafika rəsmlərini çəkməklə, rəssamlar məkanı dəyişməyə sövq edir.

Çingiz Babayev "Müsbət ya mənfi?" (Qarışığ media)

Bu konseptual və fəlsəfi multimedia layihəsi, Bakı şəhərində insan axınlarının sıxlığı müşahidə olunan ərazilərdə ictimai emosiyaların yaranmasına ünvanlanıb. Çingiz Babayev sıx insan sıralarında şəhər sakinlərinin emosional vəziyyətini tədqiq edir və şəhərdə əhval-ruhiyyənin əsl surətini aşkar etməyə çalışır.

Səbinə Şıxlinskaya "Planeti Xilas Edək" (Səyyar ekoloji layihə)

Rəssam, şəhər avtobusunu avtovağzal dayanacağında park edilmiş, plastik qutuları yığan nəqliyyat vasitəsinə çevirməklə, əhalini ekoloji məsələlərlə bağlı məlumatlandırmaq niyyətindədir. Üstü qrafiti üslübunda bəzədilmiş avtobus, avtovağzalda yerləşən müxtəlif dayanacaqlarda park olunacaq və bu zaman əhali arasında məlumat bukletləri paylanılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti