Azərbaycan, Bakı, 28 mart /Trend Life, müxbir V.İmanov/
Bakıda "YARAT!" Müasir İncəsənət Məkanı tərəfindən "Art Villa" sərgi salonunda məşhur gürcü rəssam və kuratoru, 48-ci Venesiya Biennalesinin iştirakçısı Mamuka Caparidzenin ustad sinfinin iştirakçılarının "REFLECTION" adlı sərgisi təşkil olunub. Bu barədə cümə axşamı Trend Life məlumat yayıb.
YARAT! Müasir incəsənətinin Sahəsinin maarifləndirici proqramı çərçivəsində təşkil edilən sərgi özündə "shadow hunting" metodunun tədbiqi ilə gipsdən hazırlanan kompozisiyalar, foto və videoları cəmləşdirir. Sərginin qonaqlarına unikal imkan - ağacların "gözlər"inə baxmaq və istəyə uyğun olaraq moruq kolunun əkilməsində iştirak etmək imkanı verilir.
Layihənin iştirakçıları: Səyyarə Nemətova, Nigar Əlişova,Səbinə Abbasova, Fidan Abdullazadə, Aysel Nağıyeva, Əbülfəz Əliyev, Nərgiz Məmmədova, Diana Əliyeva, Olqa Martınova, Ülvi Mehdi, Samira Səfixanova, Nazlı Orucova, Nəzrin Xəlilova, Məmməd Rəşidov, Zərifə Məmmədova, Fəridə Rəcəbova, Aysel Əmirovadır.
Layihənin sponsoru - Azərbaycan Gənclər və İdman Nazirliyidir. Texniki dəstək Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsusdur.
Mamuka Caparidze hazırda həm Tbilisidə, həm də Böyük Britaniyada yaşayıb yaradan gürcü rəssamıdır. Öz yaradıcılığında o, müxtəlif texniki üslublardan və özünüifadə metodlarından geniş istifadə etməklə əsərlərdə sözləri və sədanı tətbiq edir və sonradan həmin işlər aksiyalar, performans, sərgilər və instalyasiyalar vasitəsilə təqdim olunur. İstifadə etdiyi vasitələrə gəldikdə, onlar çox müxtəlifdir və media-məhsullarını (plakatlar, böyük bir hadisənin bir hissəsi olan açıqçalar), hadisələri, uzun müddət ərzində fotoşəkillərin toplanılmasını və arxivləşdirilməsini, video-proyeksiyalarını, mətn şəkilçəkmələrini, rəsmləri və s. özündə ehtiva edir.
Rəssam əşyaların məişət utilitarlığı kontekstindən kənar məkanda və vaxtda mövcudluq formalarını tədqiq edir. Yalnız əşyaların praktik, əməli interpretasiyasından qurtulduqda onların həqiqi, metafizik mənasını aşkar etmək mümkündür.