Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir V.İmanov/
"YARAT!" Müasir İncəsənət Məkanı "Participate Public Art Festival" iştirakçılarının işlərini təqdim etməkdə davam edir.
Trend-in məlumatına görə, festival çərçivəsində Bakıda Dənizkənarı Milli Parkda yerləşən Kukla Teatrının arxasında rusiyalı gənc dizayner və rəssam Nataliya Pastuxovanın "Yaxşı it" adlanan layihəsinin təqdimatı keçirilib.
Rəssam Nataliya Pastuxovanın Şərqdə və Qərbdə itə qarşı münasibəti bir mövzu olaraq götürüb. Bəzi Şərq ölkələrində it əti yemək mal, yaxud toyuq əti yemək kimi bir şeydir. Avropalılar üçün it intellektə, ruha və xarakterə malik bir varlıqdır, deməli o, individuallığa sahibdir.
Müxtəlif it portretləri silsiləsinin əsas ideyası ondan ibarətdir ki, küçədə gördüyünüz istənilən yiyəsiz it yaşadığı mühitin və şəhərin güzgüdə olan əksidir. İt (zalım, mehriban, vəfalı, istiqanlı, yiyəsiz) bizə özümüz haqqında çox şey danışa bilər, bizi insanlığımız barədə düşünməyə vadar edə bilər. Öz layihəsi üzərində işləyərkən Nataliya müəyyən foto araşdırma aparmış, Bakıda yerləşən evsiz heyvanların sığınacaq yerinə getmişdir.
Sərginin açılışından bir gün əvvəl İçəri Şəhərdə yerləşən YARAT!-ın ofisində baş tutan açıq mühazirə zamanı rəssam Natalya Pastuxova arzu edənlərlə öz yaradıcılıq təcrübəsi və təəssüratları ilə bölüşüb.
Xatırladaq ki, bu il ərzində Bakı sakinləri və paytaxtın qonaqlarını Azərbaycan, Gürcüstan, Rusiya, ABŞ, Poqtuqaliya və Niderlanddan olan müəlliflərin əsərlərinin 10 təqdimat mərasimi və 10 interaktiv layihəsi gözləyir.