...

Bakıda finalçıların iştirakı ilə "Miss Globe International"ın təşkilatçılarının mətbuat konfransı keçirilib (FOTO)

Mədəniyyət Materials 12 Sentyabr 2014 18:27 (UTC +04:00)
Bakıda Trend İnformasiya Agentliyində nüfuzlu "Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalının təşkilatçılarının mətbuat konfransı keçirilib.
Bakıda finalçıların iştirakı ilə "Miss Globe International"ın təşkilatçılarının mətbuat konfransı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Vüqar İmanov/

Bakıda Trend İnformasiya Agentliyində nüfuzlu "Miss Globe International" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalının təşkilatçılarının mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə "Miss Globe International"ın və RGA şirkətinin prezidenti Rasim Aydın (Türkiyə), "Z COMPANY 2007" şirkətinin prezidenti Zamiq Yunusov, müsabiqənin icraçı direktoru Pərviz Əzimzadə, əlbəyaxa döyüş üzrə beynəlxalq dərəcəli idman ustası Sair İsgəndərov, həmçinin müsabiqənin bir neçə finalçısı iştirak ediblər.

Çıxış edənlər ilk dəfə Azərbaycanda sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək "Miss Globe International" müsabiqəsinin finalından bəhs ediblər. Finalçılar saat 19:00-da qırmızı xalça üzərindən keçəcəklər, saat 21:00-da isə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq bayram gecəci başlayacaq.

R.Aydın bildirib ki, bu gözəllik müsabiqəsi artıq bir neçə ildir dünyanın ən nüfuzlu müsabiqələrindən biridir, 162 ölkədə isə rəsmi nümayəndələri var: "Bakı dünyanın ən çox çiçəklənən paytaxtlarından biridir. Buna görə də "Miss Globe International"ın finalının Bakıda keçirilməsi şübhəsiz ki, dünya ictimaiyyətinin diqqətini yenidən Azərbaycana yönəldəcək, beynəlxalq arenada ölkənin təbliğatına öz töhfəsini verəcək. Bu müsabiqə xalqlar arasında mədəniyyət və dialoqun özünəməxsus körpüsüdür və beş qitənin nümayəndələri burada iştirak edəcəklər. "Miss Globe International" müsabiqəsində irsi, dini inancı və milliyətindən asılı olamayaraq, 18-24 yaşlı subay qızlar iştirak edirlər. Onun əsas məqsədi sosial mahiyyət, müasir cəmiyyətdə qadının rolunu göstərmək istəyidir".

Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu var. Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq. Müsabiqənin baş sponsoru "Khazar Islands"dır.

Z.Yunusovun sözlərinə görə, uzun illərdir Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir ki, bu da ölkənin yüksək iqtisadi, mədəni, idman və intellektual potensiala malik olduğunu təsdiq edir: "Buna görə də "Miss Globe International" gözəllik müsabiqəsinin finalının Bakıda keçirilməsi təsadüfi deyil və müsabiqə ən yüksək səviyyədə keçiriləcək. Sevindirici haldır ki, şirkətimiz nəinki Bakıda "Miss Globe International"ın finalının keçirilməsini təşkil etmək hüququnu, həm də yaxın 3 il ərzində müsabiqənin milli seçimlərinin keçirilməsi hüququnu əldə edib".

"Baku Crystall Hall"da Natəvan Mirzəyevanın orijinal dizaynı ilə finalçılar üçün 7 çıxışlı, işıq və lazer effektli, 1700-1800 kvadratmetr sahəsi olan möhtəşəm səhnə quraşdırılıb.

S.İsgəndərov deyib: "Həmçinin, müsabiqəyə hazırlaşmaq üçün biz qızlara fiziki hazırlıq, fitnes, yoqa, idman dırmanması və hətta əlbəyaxa döyüş üzrə məşğələlər keçmişik. İştirakçılar futbol, voleybol və tennis də oynayıblar. Hamı sağlamdır və final səhnəsinə çıxmaq üçün tam gücə malikdirlər".

KİV nümayəndələrinə gümüşdən hazırlanmış və Günel Behbudovanın dizaynında dağ bülluru ilə bəzədilmiş tac təqdim olunub. Tac Azərbaycanın müsabiqənin finalçısına hədiyyəsi olacaq.

Finalçılar gözəl qəbula və qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər və azərbaycanlıların mehribanlığını qeyd ediblər. Onlar Bakı və milli mətbəxə heyran olduqlarını vurğulayıblar.

Biletlərin əldə edilməsi məsələləri üzrə əlaqə nömrələri: (012) 596 62 49, (077) 498 00 00

Müsabiqənin informasiya dəstəyi Trend, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti