...

Azərbaycan və ərəb ölkələri arasında mədəni əlaqələrin inkişafı müzakirə olunub (FOTO)

Mədəniyyət Materials 3 Noyabr 2015 16:21 (UTC +04:00)
Oman Sultanlığının paytaxtı Məsqət şəhərində keçirilən ISESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra ikitərəfli görüşlər keçirib.
Azərbaycan və ərəb ölkələri arasında mədəni əlaqələrin inkişafı müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elmir Murad/

Oman Sultanlığının paytaxtı Məsqət şəhərində keçirilən ISESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra ikitərəfli görüşlər keçirib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə daxil olan məlumata görə, Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi ilə keçirilən görüşdə hər iki ölkə arasında mədəniyyət haqqında sazişin şərtlərinə baxılması müzakirə edilib. Adel bin Zaid Əl Toraifi, öz növbəsində, Ə.Qarayevi bu ilin dekabr ayında Krallığın Ciddə şəhərində keçiriləcək "Beynəlxalq kitab sərgisi"nə dəvət edib və bildirib ki, o, Azərbaycan ədəbiyyatı və incəsənəti ilə tanışdır.

Ə.Qarayev həmkarını bu vəzifəyə yeni təyin olunması münasibətilə təbrik edib, tanışlıqdan məmnunluğunu ifadə edib və ölkəmizdə keçiriləcək ISESCO İcraiyyə Şurasının iclasına və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna dəvət edib.

Küveyt Dövlətinin informasiya, gənclərlə iş üzrə dövlət naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahla görüş zamanı iki ölkə arasında mövcud mədəni əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə edilib. Küveytli nazir bildirib ki, ölkəsində yeni olaraq turizm və mədəniyyət sahəsi birləşərək vahid qurum yaradılır və gələcəkdə əməkdaşlıq çərçivəsində ölkəmizlə təcrübə mübadiləsi aparıla bilər. Ə.Qarayev Azərbaycanın bu əməkdaşlıqdan məmnunluğunu bildirib.

Qətər Dövlətinin mədəniyyət, incəsənət və irs naziri Həməd bin Əbdüləziz əl-Kavan ilə keçirilmiş görüşdə isə iki ölkə arasında mədəniyyət əlaqələrinin inkişafı nəzərdən keçirilib və İslam irsinin dünyada daha da tanıdılmasında birgə əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

Mədəniyyət və turizm naziri Ə.Qarayevlə Misirin mədəniyyət naziri Muhəmməd Saber İbrahim arasında keçirilən görüşdə gələcəkdə iki ölkə arasında mədəni əlaqələrin mübadiləsi müzakirə olunub. Azərbaycanlı nazir həmkarını ölkəmizə səfərə dəvət edib.

ISESCO-nun baş katibi, İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Əli Cənnəti ilə keçirilmiş görüşdə də iki ölkə arasında nəzərdə tutulan qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin təfərrüatları müzakirə edilib. Ə.Qarayev bu tədbirlərin yüksək səviyyədə təşkilinə əmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti