...

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Seulda silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib (FOTO)

Gündəm Materials 26 Fevral 2021 15:03 (UTC +04:00)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Koreya Respublikasının paytaxtı Seul şəhərində silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib.

Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Koreyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tanıtım kampaniyası çərçivəsində Seul şəhərinin məşhur Qanqnam dairəsi ərazisindəki COEX sərgi kompleksinin yerləşdiyi ərazidə və həmçinin Qanqnam dairəsinin əsas küçəsində böyük həcmli monitorlarda “Xocalıya ədalət” elektron bannerləri yerləşdirilmişdir.

Koreyanın ən böyük sərgi kompleksi olan COEX sərgi kompleksi beynəlxalq səviyyədə mühüm tədbirlərə, o cümlədən 2010-cu ildə keçirilmiş G-20 ölkələri dövlət və hökumət başçılarının sammiti və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi 2012-ci ildə keçirilmiş Nüvə Təhlükəsizliyi sammitinə ev sahibliyi etmişdir.

Gün ərzində yüz minlərlə Seul sakinin hərəkət etdiyi, Seul şəhərinin ən çox əhalisinin yaşadığı və ən nüfuzlu dairəsi hesab edilən Qanqnam ərazisində yerləşdirilmiş elekton bannerlərlərdə ingilis və Koreya dillərində “Xocalıya ədalət” şüarı və həmçinin www.justiceforkhojaly.org və Koreya dilində fəaliyyət göstərən www.khojaly.or.kr internet səhifələri nümayiş etdirilir.

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində həmçinin paytaxt Seul şəhərinin mərkəzi ərazisində yerləşən İtevon küçəsində 100-ə yaxın “Xocalıya ədalət” bannerləri asılmışdır. İngilis və Koreya dillərində “Xocalıya ədalət!” şüarının əks olunduğu bannerlərin asıldığı İtevon küçəsi Seulun ən izdihamlı və xarici turistlərin ən çox ziyarət etdikləri küçələrindən biri hesab edilir. İtevon küçəsinin yerləşdiyi Yonqsan dairəsi həm də xarici ölkələrin Seulda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların inzibati binalarının və iqamətgahlarının yerləşdiyi əsas ərazidir.

Kampaniya çərçivəsində həmçinin Azərbaycan Respublikasının Koreyadakı səfirliyinin inzibati binasının önündə “Xocalıya ədalət” bannerlərinin asıldığı xatirə guşəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti