...

Aprel şəhidləri Vətən müharibəsində iştrak edən gənclərə örnək oldu - Hərbi ekspert

Gündəm Materials 2 Aprel 2021 17:43 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Aprel döyüşlərində canlarından keçən vətən övladları 44 günlük Vətən müharibəsində iştirak edən gənclərimizə örnək oldular.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, aprel döyüşləri Azərbaycanın tarixinə düşən şanlı günlərdən biridir. Dörd günlük Aprel döyüşləri ilə başlayan tarix dörd ildən sonra 44 günlük zəfərlə başa çatdı:

“Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri 4 günlük Aprel döyüşlərində bir sıra strateji mövqeləri, o cümlədən, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Lələtəpə yüksəkliyini işğaldan azad etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin növbəti erməni təxribatına verdiyi layiqli cavab nəticəsində 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və bununla da böyük qələbənin təməli qoyuldu”.

Hərbi ekspert qeyd edib ki, aprel döyüşlərində ordumuz ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları, 320 hərbçisi məhv etdi, 500-dən artıq erməni hərbçi isə yaralandı:

“Bu döyüşlər, əslində, 22 illik fasilədən sonra Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından birincisi idi. Ordumuz əks-hücumla Ermənistanın cəbhədəki ön xəttini iki istiqamətdə yardı. Cəbhə xəttini mərkəz və cənub istiqamətdən yarmaqla müəyyən bir əraziləri azad etməyi bacardıq. Bu döyüşlərdə ilk dəfə olaraq “Harop” tipli güclü zərbə PUA-larından istifadə edildi”.

Ə.Verdiyev bildirib ki, bu gün ildönümünü qeyd etdiyimiz tarixi Aprel döyüşləri zamanı Azərbaycan cənubdan Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyini, mərkəz istiqamətindən isə Talış yüksəklikləri, bəzi digər yüksəklikləri və Goranboy rayonu ərazisində Gülüstandan müəyyən mövqeləri geri qaytardı. Düzdür, ərazi baxımından geri qaytarılan mövqelər böyük olmasa da, əhəmiyyət baxımından Ordumuz və ümumilikdə ölkəmiz üçün çox vacib oldu. Lələtəpə yüksəkliyi Ordumuza Cəbrayıl-Füzuli yolunu nəzarətə götürməyə imkan verdi. Talış yüksəklikləri isə Ağdərə-Madagiz yoluna nəzarət etməyə şərait yaratdı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti