...

DHA və Trend BİA yeni layihələrə imza atıb (FOTO/VİDEO)

Gündəm Materials 3 Oktyabr 2022 15:19 (UTC +04:00)
DHA və Trend BİA yeni layihələrə imza atıb (FOTO/VİDEO)

Bakı. Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) ilə Türkiyənin nüfuzlu media qurumlarından biri olan Demirören İnformasiya Agentliyi (DHA) əməkdaşlığı genişləndirirərək yeni layihələrə imza atıblar. Trend Beynəlxalq İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov və DHA-nın baş direktoru Celal Korkut arasında iki müqavilə imzalanıb.

Birinci müqaviləyə əsasən Trend, DHA-nın Türkiyədə fəaliyyət göstərəcək “DHAPLUS” informasiya resursunun Azərbaycan və ingilis dilli versiyalarının işini təşkil edəcək. Trend “DHAPLUS” layihəsinin Xəzər hövzəsi, Mərkəzi Asiya, İran, Rusiya və digər bölgələrlə bağlı siyasi, iqtisadi, energetika və s. sahələr üzrə informasiya təminatını həyata keçirəcək.

Tərəflər arasında imzalanan digər müqaviləyə əsasən, DHA və Trend artıq informasiya texnologiyaları (IT) sektorunda da əməkdaşlıq edəcək.

Belə ki, Trend BİA-nın formalaşdırdığı peşəkar IT komandasının hazırladığı unikal "Made in Azerbaijan” məhsulu olan proqram təminatı DHA tərəfindən hazırlanan layihədə istifadə ediləcək. Hazırlanan proqram təminatının unikallığı ondan ibarətdir ki, bütün iştirakçılara materialları həm öz ana dilində, həm xarici dillərdə yerləşdirmək imkanı ilə yanaşı, xəbərlərinin internet məkanında daha geniş yayılmasını da təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti