Bakı. Trend:
İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanın sürətlə silahlandığını müşahidə edirik.
Bu fikirləri Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.
Hərbi ekspertin sözlərinə görə, havadarları Ermənistanı maksimum silahlandırmağa çalışır.
"Burada Fransanı xüsusilə qeyd etməliyik. Ermənistan silahlanmayla bağlı bütün norma və prinsipləri pozur. Biz bunu İkinci Qarabağ Müharibəsində də müşahidə etdik. Bu da Ermənistanın regionda ciddi təhdid törətdiyinin əyani sübutudur. Ermənistan yenə maksimum dərəcədə silahlanmaya gedərsə, bu gələcəkdə bizim üçün təhdid törədir. Ermənistanın bəzi ölkələrlə hərbi-sənaye sektorunda əməkdaşlığı ilk növbədə silah tədarükünü özündə ehtiva edir. Hazırda məğlub ölkə silahlanma ilə məşğuldur", - o deyib.
Ekspert qeyd edib ki, bunun qarşısının alınması üçün də bütün zəruri tədbirlər həyata keçiriləcək.
"Ermənistanı silahlandıran ölkələr bunu müdafiə silahları adlandırırlar. Lakin bu absurddur. Əsas da Fransa Cənubi Qafqazda, o cümlədən Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəmir.
Ermənistan tərəfinin bu silahlardan gələcəkdə təxribat üçün istifadə etməyəcəyinə heç kim zəmanət vermir. Biz bundan öncə də belə hadisələrin dəfələrlə şahidi olmuşuq ki, arsenalında olan silahlardan bizə qarşı istifadə edib. Hətta mülki aviasiyamıza qarşı edilən təxribatların da şahidi olmuşuq. Ermənistanın silahlanması onlar üçün heç bir yaxşı nəticə vəd etmir. Onların silahlanması heç bir halda özlərini ağır nəticələrdən xilas etməyəcək. Azərbaycan tərəfi onların aldığı silah-sursatı, hərbi texnikası barədə məlumatlıdır. Və hər hansı təhlükə yarandığı zaman Azərbaycan tərəfi bütün zəruri tədbirləri həyata keçirəcək. Bunun nəticələrindən yalnız Ermənistan və onun havadarlarının hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyacaq", - deyə o qeyd edib.