Bakı. Trend:
Bu gün Sosial Tədqiqatlar Mərkəzində İDDO Psixi Sağlamlıq Proqramı təqdim olunub.
Trend-in məlumatına görə, tədbiri açıq elan edən Milli Məclisin deputatı, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova autizmli uşaqlara diaqnoz qoyulması və müalicə sahəsində olan problemlərdən danışıb.
"Bu gün İDDO Psixi Sağlamlıq Proqramının təqdimatını etdik. Məqsədimiz odur ki, bu proqram vasitəsi bütün mərkəzlər tərəfindən istifadə edilsin və vahid bir baza yaradılsın. Ən əsasıda bizim üçün maraqlı olan məqamlardan biri də odur ki, qeyri-peşəkarların və bu uşaqlardan kommersiya məqsədilə istifadə edən şəxslərin qarşısını alaq", - deyə J.Əhmədova bildirib.
Tədbirdə qeyd edilib ki, bu sahədə vahid protokol mövcud deyil, mərkəzlərin fəaliyyəti pərakəndədir, autizimli uşaqların vahid statistikası yoxdur və uşaqlara yalnış diaqnoz qoyulur.
Bildirilib ki, uşaq tam şəkildə analiz olunmalıdır, qeyri-dəqiq diaqnozların qarşısı alınmalıdır.
Proqram çərçivəsində autizimli uşaqların umumi statistikasının yaradılması, mərkəzləşmiş sistemlə işə nail olma və nəzarətin təmin edilməsi, mərkəzlər arası əlaqələrin qurulması, elektron bazanın formalaşması, tədqiqat metodlarının formalaşmasına töhfə verilməsi, saxta psixoloqların qarşısının alınmasına nail olunması nəzərdə tutulur.
Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova proqramın vacibliyini qeyd edib.
O bildirib ki, ailələrlə geniş maarifləndirmə işləri aparılmalıdır.
“Autizmin ağır, orta və yüngül formaları var. Bunu televiziyalar vasitəsilə də insanlara çatdırmaq lazımdır. Ucqar kəndlərdə insanların bu barədə geniş məlumatı yoxdur, onları geniş şəkildə maarifləndirmək vacibdir. Yüngül formada olan autizmli uşaqları inklüziv təhsil vasitəsilə sağalatmaq mümkündür. İnklüziv təhsil ilə uşaq daha tez cəmiyyətə inteqrasiya olunurlar. Bu baxımdan bu gün təqdim edilən proqram vacib əhəmiyyət daşıyır”, - deyə komitə sədri əlavə edib.