Bakı. Trend:
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) (Roma, İtaliya) Strateji Planlaşdırma və Ehtiyatların İdarəolunması Ofisinin strategiya və planlaşdırma üzrə aparıcı eksperti Elxan Əliyevlə Birləşmiş Millətlər Təşkilatında 30 ildən artıq əmək yolunun əsas dövrləri barədə söhbət edirik.
Söhbətə sizin əmək fəaliyyətinizin ilkin illərindən başlaya bilərik?
Mən əmək fəaliyyətimə 1989-cu ildə Azərbaycan Maliyyə Nazirliyinin mərkəzi aparatında başlamışam. Bu, Sovet Ittifaqının qarşıdan gələn süqutu və Azərbaycanın dövlət müstəqilliyinin yaxınlaşması dövrü idi. Təəccüblü deyil ki, qısa müddətdən sonra nazirlikdə yeni tələblərə cavab verən struktur dəyişiklikləri baş verdi və mən cərəyan edən yeni konfiqurasiyadan kənarda qalmadım. 1991-ci ildən 1992-ci ilə qədər Prezident Administrasiyasının məsul işçiləri ilə əməkdaşlıq edərək Azərbaycanın Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Sərmayə Qarantiyaları Üzrə Çoxtərəfli Aqentlik, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi bir sıra beynəlxalq maliyyə institutlarına daxil olması ilə bağlı bir sıra mürəkkəb məsələləri əlaqələndirirdim. Hökumət nümayəndə heyətlərinin üzvü olmuşam. Maliyyə Nazirliyini 26 yaşında Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində tərk etdim.
Birləşmiş Millətlər Təşkilatında karyeranızın başlanğıcından bəhs edin.
Beynəlxalq ictimaiyyətə xidmətimin ilk illəri BMT-nin Azərbaycandakı Nümayəndəliyində keçib. Həmin illərdə BMT Katibliyinin beynəlxalq nümayəndəsi tərəfindən əlaqələndirilən BMT strukturlarına birgə rəhbərlik həyata keçirilirdi. Mən 12 agentliyi birləşdirən bu birləşmiş idarənin administrasiyasına rəhbərlik, həmçinin region ölkələrində maliyyə resurslarının hərəkətinə ümumi nəzarət edirdim (bir sıra ölkələrdə bank sisteminin qeyri-adekvatlığı ilə əlaqədar) və regionun bəzi ölkələrində avtonom audit missiyalarını həyata keçirirdim.
Fəaliyyətimin bu dövrü (1993-cü ildən 1996-cı ilə qədər) çox dinamik işlərlə, icra hakimiyyəti, xüsusilə Prezident Aparatı və Xarici İşlər Nazirliyi ilə çox məhsuldar qarşılıqlı əlaqələrlə və çox əhəmiyyətli nəticələrlə zəngin idi. Xüsusilə, Azərbaycan dövlətinin maddi imkanları son dərəcə məhdud olan və hərbi əməliyyatların hələdə getdiyi illərdə yüz minlərlə məcburi köçkünə göstərilən humanitar yardım əsl mənada onların həyatını xilas etmişdi. Bura məcburi köçkünlər üçün bütün düşərgələrdə minlərlə uşaq üçün çoxsaylı peyvənd kampaniyalarını da əlavə etmək lazımdır.
Əbəs yerə deyil ki, 1995-ci ildə BMT Nümayəndəliyinin yerləşdiyi küçə Təşkilatın rolu və xidmətlərinin tanınması məqsədilə Ümummilli Liderin təşəbbüsü ilə BMT-nin 50 illiyi küçəsi adlandırılmışdır. Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin legitimləşdirilməsində böyük siyasi rol oynayan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin qəbul edilməsinə hazırlıqda da ofisin xüsusi rolu olub. Bu iş Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası ilə sıx əlaqədə həyata keçirilib və BMT Baş Katibinin 1994-cü ildə Azərbaycana səfəri bunun təsdiqi idi.
Bəli, həqiqətən də məhsuldar bir dövr idi. FAO-da 28 ildir davam edən çox uzun bir fəaliyyət dövrü haqqında nə deyə bilərsiniz?
Mən alim ailəsindənəm, hər zaman BMT-nin ixtisaslaşmış agentliklərinin fəaliyyəti məni daha çox cəlb edib. Burada fəaliyyətin normativ (elmi) məzmunu resipiyent-ölkələrə biliklərin ötürülməsi ilə bağlı mandatın bir hissəsindən daha az önəm kəsb etmir. FAO-ya keçməyim 1996-cı ildə baş tutub. FAO-dakı fəaliyyətimin ilk illərində funksiyalarım Təşkilatın qlobal layihə fəaliyyətinin proqram və büdcə ekspertizasının həyata keçirilməsinə, FAO-nun əsas Rəhbər Orqanları ilə bu məsələlərdə qarşılıqlı əlaqəyə yönəldilmişdir. Zamanla onlardan birinin, Proqram Komitəsinin Katibi oldum. Bu vəzifəyə əlavə olaraq qlobal proqram sənədlərində planlaşdırılmaqdan və ayrı-ayrı layihələrin büdcə dəyərləndirilməsindən bu vəsaitlərin layihə donorlarından tutulmasında və onların həm qərargahda, həm də regional, subregional və ölkə ofisləri səviyyəsində təşkilati strukturlara paylanmasına qədər köməkçi xərclərin ödənilməsi üzrə bütün prosesə rəhbərlik etməyə başladım.
Mən könüllü ianələrin səfərbər edilməsində son altı il ərzində Təşkilatın rəqabət qabiliyyətini iki dəfədən çox artıran köməkçi xərclərin ödənilməsi üzrə yeni siyasət qaydalarının müəllifiyəm. Bu siyasət FAO-nun rəhbər orqanları tərəfindən (müvafiq olaraq onların nəzərinə verilən sənədlərin müəllifiyəm) qəbul edilib və eyni zamanda BMT-nin ali inzibati bürokratiyası (FB Network of CEB HLCM) tərəfindən BMT sisteminin bütün ixtisaslaşmış agentlikləri üçün uzunmüddətli perpektivdə alternativsiz kimi tanınıb.
Əlavə etmək istərdim ki, yuxarıda qeyd olunan əsas funksiyaya əlavə olaraq, uzun illərdir ki, Əməkdaşların İşə Götürülməsi Komitəsinin sədriyəm və bunu Təşkilatın rəhbərliyi tərəfindən dərin etimad əlaməti kimi qiymətləndirirəm.
Bu 28 il ərzində İtaliyada işlədiyiniz və yaşadığınız dövr ərzində Sizin Azərbaycanın rəsmi strukturları ilə hər hansı qarşılıqlı əlaqəniz olubmu?
Bəli, çox sayda əlaqələrimiz olub.Bu qarşılıqlı əlaqənin əhəmiyyətli nəticələr verdiyi yalnız bəzi məqamlarında dayanacağam. Bu, ilk növbədə 2003-cü ildə Azərbaycan Səfirliyinin və onun ilk əməkdaşlarının yerləşdirilməsində yardım etməkdən ibarət idi. 2012-ci ildə Bakıda Avropa Regional Konfransının keçirilməsinə yardımı da qeyd etmək lazımdır. O zaman Bakıda keçiriləcək Konfransın dost olmayan ölkə və bir sıra Avropa ölkələri tərəfindən dəstəklənən ləğv edilməsi təşəbbüsünün qarşısını ala bildik. Azərbaycanda dünyada ilk FAO-nun Əlaqələndirici və Tərəfdaşlıq Ofisinin yaradılması və təsis edilməsində roldan bəhs etmək də yerinə düşər.
Gələcəyə planlarınız nədir?
İki il əvvəl FAO-da 25 ililk fəaliyyətimə görə medala layiq görüldüm. Bu medala layiq görülən insanların sayı çox azdır, nəzərə alsaq ki, o, yalnız Təşkilatla müəyyən növ müqaviləsi olan əməkdaşlara verilir, bu uzunluqda dövr ərzində qərargahda çalışan əməkdaşların sayı isə daha azdır. İstər-istəməz keçdiyin yola baxıram və növbəti illər üçün düşünülmüş proyeksiya çəkməyə çalışırsan. Azərbaycan, Türkiyə və Orta Asiyanı əhatə edən bölgədə dəyişən konyukturanı nəzərə alaraq və strateji mənada nə edilə biləcəyi ilə bağlı aydın baxışa əsaslanaraq, bu bölgədə proqramlara məsul təşkilat vahidinin rəhbərliyinə keçmək cazibədar görünür. Həmin baxışa əsasən, önəmli planlar arasında Mərkəzi Asiya Su Şurasının yaradılması, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın qurulması (bölgənin yeddi ölkəsindən altısının bu təşkilata daxil olduğunu nəzərə almaqla), Mərkəzi Asiya Pambıq Bazarının yaradılması və FAO-nun fəaliyyətinin tematik sahəsinə daxil olan bir sıra digər strateji xarakterli təşəbbüslər də var. Müvafiq sahələrdə mövcud olan ciddi regional problemləri nəzərə alanda, bbelə proqramların əsl əhəmiyyətini dərindəm anlamaq mümkün olur.
Söhbət üçün təşəkkür edirəm.
Siz sağ olun.