...

Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərləri Dağlıq Qarabağ probleminin nizamlanması üçün istiqamətlərdən biri ola bilər - spiker müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2009 15:18 (UTC +04:00)
Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərləri Dağlıq Qarabağ probleminin nizamlanması üçün istiqamətlərdən biri ola bilər - spiker müavini

Azərbaycan, Bakı, 07 iyul / Trend , muxbir A.Hüseynbala /

Azərbaycan Parlamenti sədrinin müavini bir qrup ziyalının Dağlıq Qarabağ və Ermənistana səfərlərinə müsbət münasibət bildirilməsinin tərəfdarıdır.

"İctimaiyyət nümayəndələrinin bu cür səfərləri münaqişənin nizamlanması üçün istiqamətlərdən biri ola bilər", - Trend -un məlumatına görə, çərşənbə axşamı keçirilən mətbuat konfransında Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Trend -un arayışı: Cümə günü Xankəndində Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyan, Dağlıq Qarabağda səfərdə olan Rusiyanın mədəniyyət və kinematoqrafiya üzrə federal agentliyinin rəhbəri Mixail Şvıdko, qondarma "Dağlıq Qarabağ Respublikası prezidenti" Bako Saakyan arasında görüş keçirilib.

Xankəndinə gələn nümayəndə heyətində altı nəfər, o cümlədən Milli Məclisin iki deputatı Asim Mollazadə və Rövşən Rzayev, həmçinin bəstəkar Səyavuş Kərimi olub.

Azərbaycan nümayəndə heyəti daha sonra Ermənistana gedib və orada Prezident Serj Sarkisyanla da görüşüb.

Günün sonunda Azərbaycan və Ermənistan nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Bu, Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin Dağlıq Qarabağa ikinci səfəridir.

Muradovanın sözlərinə görə, ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev icmalar arasında dialoqun vacibliyini, lakin bunun üçün əlverişli şəraitin yetişməsini gözləməyin zəruri olduğunu bildiriblər.

"Düşünürəm ki, həmin zaman yetişib və bu cür qarşılıqlı səfərlər prezidentlərin görüşlərinə və ümumən danışıqlar prosesinə dəstək ola bilər", - vitse-spiker əlavə edib.  

Onun fikrincə, Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsinə razılıq verilməsi üçün müzakirələrin keçirilməsi parlamentin gündəmində  deyil.

"Ermənistan qoşunlarını işğal etdiyi ərazilərdən geri çəkmədən, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan, Dağlıq Qarabağın azərbaycanlı icması öz yurd-yuvasına qayıtmadan, tam vətəndaş hüquqlarından istifadə etmədən referendum məsələsi gündəmə gələ bilməz", - Muradova vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti