...

Dağlıq Qarabağ münaqişəsi regionda bir sıra məsələlərin həllini çətinləşdirir – Niderland Parlamentinin spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2010 13:32 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi regionda bir sıra məsələlərin həllini çətinləşdirir. Bu barədə jurnalistlərə çərşənbə günü Niderland Parlamentinin spikeri Rene Van der Linden məlumat verib.
Dağlıq Qarabağ münaqişəsi regionda bir sıra məsələlərin həllini çətinləşdirir – Niderland Parlamentinin spikeri

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ münaqişəsi regionda bir sıra məsələlərin həllini çətinləşdirir. Bu barədə jurnalistlərə çərşənbə günü Niderland Parlamentinin spikeri Rene Van der Linden məlumat verib.

Onun sözlərinə görə, Niderland Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə tərəfdardır.

"Azərbaycan Prezidenti bu məsələnin həllində konstruktiv mövqe nümayiş etdirir", - o deyib.

Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden sentyabrın 8-də Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və onun məzarı üzərinə əklil qoyub.

Rene Van der Linden öz Vətəninin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş Azərbaycanın qəhrəman oğul və qızlarının xatirəsini yad edib. Qonaq Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti