...

Qarsda Xocalı soyqırımının qurbanları anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 15:22 (UTC +04:00)
Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu tərəfindən anma mərasimi keçirilib.
Qarsda Xocalı soyqırımının qurbanları anılıb

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu tərəfindən anma mərasimi keçirilib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna müqəddəs Qurandan ayələr oxunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra tədbiri giriş sözü ilə açan baş konsul Ayxan Süleymanov qonaqlara mərasimdə iştirak etdiklərinə və faciə qurbanlarının xatirəsinə göstərdiyi hörmət və ehtirama görə öz təşəkkürünü bildirib.

Çıxışına davam edən Süleymanov Xocalı soyqırımının 20-ci əsrin ən dəhşətli faciələrdən biri olduğunu qeyd edərək, faciə qurbanlarına qarşı erməni faşistləri və bilavasitə onların havadarları olan keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən törədilmiş vəhşiliklərdən söz açıb.

O, Xocalı soyqırımının yaranma səbəblərinə toxunaraq, Dağlıq Qarabağ münaqişənin başladığı ilk zamandan erməni qəsbkarlarının xalqımıza qarşı qəddarcasına törətdiyi qətllər, əsirlərimizə vermiş zülm və işgəncələr barədə məlumat verib.

Daha sonra baş konsul bu faciənin Azərbaycan xalqı ilə birgə həmrəy olan türk xalqının yaddaşından silinməyəcəyini və əbədi olaraq qəlblərdə qalacağını xüsusilə vurğulayıb, Xocalı şəhərinin sakinlərinə qarşı törədilmiş hadisənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu qeyd edib.

Çıxışdan sonra Xocalı faciəsinin 21-cü ildönümü ilə əlaqədar türk dilində sənədli film nümayiş etdirilib, mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış fotostend, eləcədə Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsini əks etdirən kitab və jurnallarla tanış olublar.

Bundan əlavə, türk dilində nəşr olunmuş Xocalı soyqırımı, Dağlıq-Qarabağ münaqişəsi və erməni terrorçuları tərəfindən törədilən hərəkətlərə dair "İrs Miras" adlı jurnalın 1(5) saylı buraxılışı mərasim iştirakçılarına paylanılıb.

Tədbirə Qars valisi Eyyup Təpə, vali müavini Ünal Coşqun, Qars şəhəri bələdiyyə rəhbəri Nevzat Bozkuş, Jandarm komandiri Osman Uçar, əmniyyət müdirinin müavini Hayri Özcan, Qars vilayəti rəsmi və qeyri-rəsmi təşkilatlarının rəhbərləri və nümayəndələri, Kafkas Universitetinin rəhbərliyi, professor- müəllim heyəti, universitetdə təhsil alan azərbaycanlı və türk tələbələri, yerli KİV-nin və ictimaiyyət nümayəndələri, həmçinin digər şəxslər iştirak ediblər.

Sonda mərasim iştirakçıları Baş konsulluğun təşkil etdiyi ehsan süfrəsinə dəvət olunublar.

Xocalı soyqırımı ilə bağlı keçirilmiş tədbir ölkənin yerli KİV-ri tərəfindən geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti