Azərbaycan, Bakı, 20 mart /Trend/
ATƏT-in Minsk qrupunun həmsədrləri Yan Kelli (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin regiona səfəri başlayıb.
Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, vasitəçilər martın 19-da Xankəndinə gələrək qondarma "Dağlıq Qarabağ respublikası"nın liderləri Bako Saakyan və Karen Mirzoyanla görüşüblər.
Xocalı aeroportu ilə bağlı məsələnin hansı mərhələdə olmasına dair suala cavab verən Yan Kelli bildirib ki, onlar sülh prosesinə töhfə vermək niyyətindədirlər.
Öz növbəsində, Jak For qeyd edib ki, aeroport ətrafında proses davam edir və detallar barədə danışmaq hələ tezdir: "Əmin olun ki, biz daim bu istiqamətdə işləyirik və konkret təkliflərimiz var. Biz bu təklifləri tərəflərlə müzakirə edirik".
İqor Popov isə bildirib ki, regiona səfərlərinin yekunu üzrə ənənəvi bəyanatla çıxış edəcəklər. Bəyanatda bir sıra suallara cavab veriləcək.
Həmsədrlər martın 20-də Yerevanda Ermənistan Prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.