...

Parisdə azərbaycanlı məcburi köçkünlər haqqında sənədli filmin təqdimatı keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2013 12:30 (UTC +04:00)
Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Azərbaycandakı məcburi köçkünlərin faciəsindən bəhs edən, rejissorlar Lusi Balley və Endryu Tomson tərəfindən çəkilən "The Waiting" (İntizar) adlı yeni sənədli filmin təqdimatı keçirilib.
Parisdə azərbaycanlı məcburi köçkünlər haqqında sənədli filmin təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Azərbaycandakı məcburi köçkünlərin faciəsindən bəhs edən, rejissorlar Lusi Balley və Endryu Tomson tərəfindən çəkilən "The Waiting" (İntizar) adlı yeni sənədli filmin təqdimatı keçirilib.

AAC-dən Trend-ə verilən məlumata görə, film "L'Europe autour de l'Europe" (Avropa ətrafında Avropa) festivalı çərçivəsində nümayiş olunub. 13 mart -14 aprel tarixləri arasında Parisin müxtəlif rayonlarında keçirilən festivalda Avropa kinematoqrafçılarının 65-dən çox bədii, sənədli, qısametrajlı, animasiya və eksperimental filminə baxış təşkil olunub.

Tədbirdə kino xadimləri ilə yanaşı, Fransa Milli Assembleyasının üzvü, Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Tyeri Mariani, ictimai xadimlər və tarixçilər də iştirak ediblər.

AAC-nin Fransa ofisinin rəhbəri Eliza Piter giriş nitqində festival təşkilatçılarına minnətdarlığını bildirərək belə tədbirlərin Avropa mədəniyyətinin müxtəlifliyinin təbliğində əhəmiyyətli rol oynadığını vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsi zamanı öz evlərini tərk etməyə məcbur edilən və münaqişə beynəlxalq həllini tapa bilmədiyi üçün hələ də doğma yurdlarına qayıda bilməyən Azərbaycandakı məcburi köçkünlərin acı taleyindən bəhs edib. Daha sonra Piter tədbirdə iştirak etmək üçün Azərbaycandan gələn filmin icraçı prodüseri, Azərbaycan Yazıçılar Birliyinin katibi və Pen-klubun prezidenti, yazıçı Çingiz Abdullayevi auditoriyaya təqdim edib.

Filmin nümayişindən sonra festivalın direktoru İrena Bilic vurğulayıb ki, filmin rejissorları mürəkkəb məqamları bədii ifadələrlə təqdim etməyə çalışıblar. Belə filmləri geniş auditoriyaya nümayiş etdirmək çox vacibdir.

Çingiz Abdullayev Bilicin dediklərinə şərik çıxaraq qeyd edib ki, dünyada milyonlarla insan öz ölkəsində məcburi köçkün vəziyyətində yaşayır: "Biz tez-tez qaçqınlar haqqında filmlərə baxır və məqalələr oxuyuruq. Amma bəzən ekstremal şəraitdə yaşayan məcburi köçkünlərə daha az diqqət ayrılır. Mən bu filmlə Azərbaycandakı məcburi köçkünlərin vəziyyətini işıqlandırmağa çalışdım. Filmi qismən tənqidi adlandırmaq olar, çünki münaqişə həllini tapmadıqca onların geri qayıtma perspektivi yoxdur".

O, tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək bu filmi digər festivallarda da görmək istədiyini arzulayıb. Daha sonra Çingiz Abdullayev film, rejissorların seçimi və Azərbaycandakı məcburi köçkünlərin hazırkı vəziyyəti haqqında verilən sualları cavablandırıb.

Tədbirdə məlumat verildi ki, "The Waiting" filmi 1988-1994-cü illərdə baş vermiş Ermənistan-Azərbaycan münaqişəsi zamanı Dağlıq Qarabağ və 7 ətraf rayondan doğma yurdlarını tərk etməyə məcbur edilmiş azərbaycanlı məcburi köçkünlərdən bəhs edir. Minlərlə insanın ölümünə səbəb olan bu münaqişənin ardından 600 mindən çox azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycan hazırda dünyada ən çox məcburi köçkünü olan ölkələr sırasındadır. Sənədli filmi bir gün öz evlərinə qayıtmaq ümidi ilə yaşayan insanların koloritli və cazibəli portretini yaradır.

Film haqqında əlavə məlumat və fraqment aşağıdakı ünvanda yerləşdirilib: http://www.thewaitingfilm.com/fr

Məqalədə:
Xəbər lenti

Xəbər lenti