Azərbaycan, Bakı, 8 aprel /Trend/
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin qaynar fazaya hətta keçməsini belə düşünmür".
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşün yekunları üzrə keçirilən brifinqdə deyib.
O əmin olduğunu bildirib ki, ritorikaya rəğmən, maraqlı tərəflərdən heç biri bunu istəmir: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün fəaliyyəti tezliklə qarşılıqlı məqbul həll yolunu tapmağa yönəlib".
S.Lavrov qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan üçün Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı məqbul əsasında nizamlanması məqsədilə şəraitin yaradılması üzrə səylərini davam etdirəcək: "Təmaslar mütəmadi davam edir, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələri təmas xətti də daxil olmaqla tez-tez regiona səfər edirlər. Həmsədr ölkələrin prezidentləri nizamlanmanın həllinin axtarışına şəxsən diqqət yetirirlər və bizim Prezident ötən il xüsusi səylər göstərdi, onun nəticəsi üzrə praktiki planın mümkün addımları barədə məsləhətləşmələri davam etdiririk".
Qeyd edək ki, E.Nalbandyan Rusiyada səfərdədir.