Suriya, Dəməşq, 25 may / Trend , xüsusi müxbir Ü.Sadıxova /
Azərbaycan Türkiyə üçün həmişə qardaş ölkə olub, olacaq və onun maraqları nəzərə alınacaq. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
"Bzim üçün Azərbaycan qardaş ölkə olub və olacaq. Bu belə olub, belə də olacaq və heç kimin buna şübhəsi olmamalıdır", - deyə bazar günü Dəməşqdə İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 36-cı iclası çərçivəsində keçirilən mətbuat konfransında jurnalistlərə Davudoğlu bildirib.
Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycan sıx əməkdaşlıq edir. "Mənim bu kontekstdə Azərbaycana səfərim İKT xarici işlər nazirləri iclasında iştirakdan sonra xaricə ikinci səfərim olacaq", - deyə Davudoğlu bildirib.
Türkiyənin xarici işlər naziri bazar ertəsi Dəməşqdən Bakıya səfər edəcək. Davudoğlunun Azərbaycanda Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşləri planlaşdırılıb. Görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Davudoğlunun fikrincə, son zamanlar Dağlıq Qarabağın nizamlanması məsələsində bəzi irəliləyişlər müşahidə olunur.
Davudoğlu bildirib ki, Azərbaycan torpaqlarının işğalı baxımından on yeddi illik dondurulmuş münaqişə statusu həm Azərbaycanın, həm də Türkiyənin tələblərinə uyğun deyil.
"Biz Azərbaycan torpaqlarının qaytarılması və bu problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün bütün imkanlarımızdan istifadə etdik", - deyə o vurğulayıb.
Davudoğlunun rəyinə görə, Praqa prosesindən sonra ümid yaranıb. "Biz çox ümid edirik ki, vasitəçilik bu dondurulmuş münaqişənin bütün tərəfləri razı sala biləcək həlli prosesinə kömək edib", - deyə o bildirib.
Davudoğlu hesab edir ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə edə bilmədi. Türkiyə Minsk Qrupunun bir hissəsidir, lakin qrupun əsas işini ABŞ, Rusiya və Fransa icra edir. "Məsələ artıq dondurulmuş münaqişə statusu alıb və biz bu vəziyyəti dəyişməliyik", - deyə o bildirib.
Nazirin sözlərinə görə, Türkiyə Qafqazda fəaliyyətini gücləndirir. "Biz Qafqazı "Qafqazda Təhlükəsizlik Platforması" çərçivəsində sabitlik və əməkdaşlıq regionuna çevirmək istəyirik", - deyə o qeyd edib.