...

İranda dini azlıqların vəziyyəti qənaətbəxş deyil – BMT nümayəndəsi (MÜSAHİBƏ)

Siyasət Materials 29 İyun 2009 10:58 (UTC +04:00)
İranda dini azlıqların vəziyyəti qənaətbəxş deyil – BMT nümayəndəsi (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir T.Konyayeva /

 

Trend -un Fars redaksiyasının Bakıda səfərdə olan Ümumdünya Bəhalilər İcmasının BMT-də nümayəndəsi Diana Əlayi (Diana Ala'i) ilə eksklüziv müsahibəsi

- Amnesty International və BMT İnsan Haqları Şurasının son məruzələrində İrandakı bəhailərin vəziyyəti ilə bağlı narahatlıq qeyd olunub. Siz İran bəhailərinin vəziyyətini necə dəyərləndirirsiniz?

- BMT-də insan haqları ilə bağlı xüsisi məruzəçilər var. Hansısa bir ölkədə azlıqlara təzyiqlər müşahidə edikdə BMT-nin xüsusi məruzəçilər bu faktları araşdırır. Məsələn, hazırda İranda bəhailərin yeddi rəhbəri bir ildir ki, həbsdədir. Bu hadisə ilə bağlı BMT-nin azlıqlar üzrə, həmçinin qanunsuz həbslər üzrə məruzəçiləri BMT İnsan Haqları Şurasına (İHŞ) məruzə ediblər. İranda bəhailərə olan təzyiqlər həqiqətən də narahatlıq yaradır. BMT İHŞ rəsmi Tehrandan bu barədə izahat tələb edib. Lakin İran hakimiyyəti bəhailərə olan təzyiqləri təkzib edir.

- Bəhailərə hansı formada təzyiqlər olunur?

- Məsələn, həmin yeddi bəhai rəhbərlərinin həbsindən əlavə, bəhai tələbələrin universitetdən qovulması, onların evlərinin polis tərəfindən yoxlanması, bəhai qəbristanlarının dağıdılması və s. Bəzən təzyiqlər qarşıdurmalara səbəb olduqda, biz təcili yardım üçün BMT İHŞ-nin baş komissarı xanım Navanatay Pileyə müraciət edirik.

- Müraciətlər nə ilə nəticələnir?

- Xanım Piley İran rəsmilərinə məktub göndərir və öz narahatlığını bildirir. Hər il BMT Baş Assembleyasında insan haqları ilə bağlı qətnamə müzakirə edilir və İrandakı bəhailərlə bağlı qətnamədə BMT-nin rəsmi Tehrandan tələbləri qeyd olunur.

- Lakin İran rəsmiləri bildirirlər ki, həbsdə olan bəhailər milli təhlükəsizliyi pozmaqda və İsrailə casusluqda ittiham olunublar.

- Biz bu ittihamları qəbul etmirik. Birincisi ona görə ki, bəhai dinində siyasətə qarışmağa qadağa qoyulub. Bəhailərin peyğəmbəri Fələstinə sürgün olunanda, nə İsrail, nə də Sionizm deyilən bir anlayış yox idi. Doğrudur, hazırda İsrailin Əka (Aka) şəhərində Bəhaullahın məqbərəsi var və bəhai dininin mərkəzi İsraildir. Lakin bunun İran-İsrail hakimiyyəti arasında olan münasibətlərə dəxli yoxdur.

- İranda prezident seçkiləri ərəfəsində islahatçı namizədlər dini azlıqlarla bağlı azadlıqların veriləcəyini bildirmişdilər. İranda bəhailiyin rəsmi surətdə tanınmamasını nəzərə alsaq, siz 300 min bəhainin İranda gələcəyini necə proqnozlaşdırırsınız?

­- Kərrubi və Ayətulla Hüseyn Əli Müntəziri bildirib ki, bəhailər vətəndaş hüququna malikdirlər. Prezident seçkiləri kampaniyalarında İran xalqı da bəhailəri müxtəlif şüarlarla dəstəklədi. Onlar "Bəhailərin yaşayış haqqı var" şüarı ilə bəhai vətəndaşlarını müdafiə etdilər. Bu onu göstərir ki, İranda ən böyük dini azlıq olan bəhai icmasına iranlılar mənfi baxmırlar. Xalq onları müxtəlif təzyiqlərə qarşı müdafiə edib. Xalq görüb ki, bəhailər İslama böyük hörmətlə yanaşırlar.

- Lakin İranda bəhai dini 1844-cü ildə yaranandan indiyədək rəsmi surətdə tanınmayıb.

- Bu problem yalnız İranda mövcud deyil. Misirdə də bu problem var idi. Misirdə bəhailərin şəxsiyyətlərini bildirən sənədlərində bəhai olduqlarının qeyd olunmasına qadağa qoyulmuşdu. Sonra məhkəmə bəhai dininin rəsmiləşdirilməsi ilə bağlı qərar qəbul etdi. Hakimiyyət bunu rədd etsə də, insan haqları müdafiəçilərinin səyləri ilə bəhailik xristian, yəhudi və İslam dini ilə yanaşı, rəsmi dinlərin siyahısına salındı.

- Siz ölkə (İran) xaricindəsiniz və bəhailər haqqında fikirlərinizi bildirirsiniz. Lakin İran rəsmiləri hesab edirlər ki, insan haqları ilə bağlı vəziyyəti yalnız İranın daxilində müşahidə edib dəyərləndirmək mümkündür.

- Bir neçə il bundan əvvəl İranda BMT İHŞ-nin nümayəndəsi fəaliyyət göstərirdi. Çox təəssüf ki, hazırda qətnamələrdə BMT İHŞ-nin hansısa bir ölkədə xüsusi nümayəndəsinin olmasının vacibliyi qeyd olunmur. İranda insan haqları ilə bağlı fəaliyyət göstərən məruzəçilər İrandan çıxarılıb. Təəssüf ki, hazırda nə Amnesty İnternational, nə də BMT İHŞ-nin İranda nümayəndəsi yoxdur.

- Hazırda həbsdə olan yeddi bəhai rəhbərinin vəziyyəti necədir?

- Həbsdə olan bəhailərin məhkəməsi 11 iyulda keçiriləcək. İranda seçkidən sonrakı iğtişaşlarla bağlı yeni bir problem yaranıb ki, bu da onların vəkilləri xanım Şirin İbadinin hazırda xaricdə olması və digər vəkil Sultaninin isə iğtişaşlarda həbs olunmasıdır. Ən qorxulusu budur ki, bəhailərə edam hökmünün verilməsi istisna olunmur. Çünki onlara qarşı çox ağır ittihamlar yürüdülüb. Onlar İsrailə casusluq, milli təhlükəsizliyi pozmaq, müqəddəslərə hörmətsizlik və ölkədə xaos yaratmaqda ittiham olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti