...

"İran-Azərbaycan-Rusiya" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxslər zərərsizləşdirilib

Siyasət Materials 13 Yanvar 2010 15:24 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzindən çərşənbə günü Trend News-a verilən məlumata görə, MTN və Dövlət Gömrük Komitəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmal yolu ilə daşınan qanunsuz dövriyyədən 31 kiloqram 500 qram narkotik vasitə çıxarılıb.
"İran-Azərbaycan-Rusiya" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxslər zərərsizləşdirilib

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın hüquq-mühafizə orqanları "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxsləri zərərsizləşdirib.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimaiyyətlə əlaqələr mərkəzindən çərşənbə günü Trend -a verilən məlumata görə, MTN və Dövlət Gömrük Komitəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmal yolu ilə daşınan qanunsuz dövriyyədən 31 kiloqram 500 qram narkotik vasitə çıxarılıb.

İran İslam Respublikasının vətəndaşları - 1965-ci il təvəllüdlü Musəvi Bəğrabad Seyid Abbas Mir Tofiq oğlu, 1959-cu il təvəllüdlü Yusif Həviq Seyid Kərim Mir Rəhim oğlu, Azərbaycan Respublikasının vətəndaşı 1959-cu il təvəllüdlü Seyfullayev Səbrəddin Xanqulu oğlu və başqaları qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli surətdə İrandan Azərbaycan ərazisinə keçiriblər.

Müəyyən edilib ki, 2010-cu il yanvarın 11-də Səbrəddin Seyfullayevin sifarişi əsasında hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının digər vətəndaşı həmin narkotik vasitələri satış məqsədilə taxtadan düzəldilmiş üç ədəd qapının içərisində gizlədərək, onları İrandan Azərbaycana yük daşıyan "Volvo" markalı avtobusa yükləyib. Sonra o, həmyerliləri - avtobusun sürücüsü Musəvi Bəğrabad Seyid Abbasa və sürücünün köməkçisi Yusif Həviq Seyidə həmin narkotik vasitələri Səbrəddin Seyfullayevə çatdırmaq üçün qaçaq yolla Azərbaycana keçirmələrini tapşırıb. Musəvi Bəğrabad Seyid Abbas və Yusif Həviq Seyid də bu təkliflə razılaşıb və qeyd olunan narkotik vasitələri İrandan gizli yolla Azərbaycana gətiriblər.

2010-cu il yanvarın 11-də Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yusif Həviq Seyid və Musəvi Bəğrabad Seyid Abbas Astara rayon gömrük məntəqəsində saxlanılıb, sonuncunun idarə etdiyi "Volvo" markalı "THR 38808" qeydiyyat nömrə nişanlı avtobusun yük yerinə özlərinin və hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı oradan 31 kiloqram 500 qram həşiş aşkar edilərək götürülüb. Eyni zamanda, görülmüş çevik tədbirlərlə qrupun digər üzvü Səbrəddin Seyfullayev da yaxalanıb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti