Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Y.Ostapenko/
NATO-nun Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın gələn həftə Bakıya səfəri gözlənilir. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.
Bundan əvvəl Appaturayın yeni vəzifədə Azərbaycana səfəri iki dəfə təxirə salınıb.
Liviyada gözlənilməz iğtişaşlar və NATO-nun vəziyyətin nizamlanmasına cəlb edilməsi Appaturaya Bakıya martda gəlməyə imkan verməyib. İkinci dəfə səfər iyunun 9-da Brüssel aeroportunda yükdaşıyanların gözlənilməz tətili səbəbindən təxirə salınmışdı.
Çərşənbə axşamı alyansın xüsusi nümayəndəsi Yerevanda Ermənistan rəhbərliyi ilə görüşür. Ötən həftə Appaturay Tacikistanda olub.
Şimali Atlantika Alyansının keçmiş rəsmi nümayəndəsi Appaturay xüsusi nümayəndə vəzifəsinə ötən ilin noyabrında təyin edilib. Əvvəllər 7 il ərzində xüsusi nümayəndə vəzifəsini Robert Simmons tutub.
Xüsusi nümayəndənin rolu NATO-nun regionda məqsədlərinin inkişafı üçün regional liderlərlə işgüzar əlaqələrin dəstəklənməsindən ibarətdir. Onlar arasında regional təhlükəsizliyə yardım və NATO əməkdaşlıq proqramlarının gələcək tərəqqisi də var.