...

Elmar Məmmədyarov ABŞ-da bir sıra görüşlər keçirib

Siyasət Materials 26 Sentyabr 2011 16:21 (UTC +04:00)
BMT Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib.
Elmar Məmmədyarov ABŞ-da bir sıra görüşlər keçirib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir T.Hacıyev/

BMT Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib. Bu barədə bazar ertəsi Trend-ə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Nazir Məmmədyarov Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının iclasında iştirak edib. Baş katib Xəlil Akıncı katibliyin fəaliyyəti və qarşıda duran vəzifələri barədə məlumat verib. İclasda Qazaxıstanda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələləri və qəbul olunacaq sənədlər ətrafında fikir mübadiləsi aparılıb. İclas zamanı türkdilli dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və mövqelərinin əlaqələndirilməsinin vacibliyi qeyd olunub, eyni zamanda, bu istiqamətdə mütəmadi fəaliyyət göstərilməsi, həmçinin üzv dövlətlərin müstəqilliyinin 20 illiyinin qeyd olunması ilə əlaqədar tədbirlər planının hazırlanması barədə müzakirələr aparılıb.

Daha sonra Məmmədyarov Afrika Buynuzundakı humanitar vəziyyətlə bağlı keçirilmiş nazirlərarası görüşdə çıxış edib. Məmmədyarov Afrika Buynuzundakı humanitar böhranın aradan qaldırılması üçün bütün dövlətlərin həmrəyliyinin vacibliyini diqqətə çatdırıb. Humanitar fəlakətdən əziyyət çəkən Somali, Keniya, Efiopiya və Cibutiyə maliyyə dəstəyi göstərilməsi üçün BMT BA-nın sessiyası çərçivəsində belə bir tədbirin keçirilməsinin vacibliyini və yardımların artırılmasının zəruriliyini vurğulayıb. Azərbaycanın da təbii fəlakətdən əziyyət çəkən bu ölkələrə dəstək vermək məqsədilə yardım etdiyini və bu yardımların gələcəkdə də davam etdiriləcəyini bildirib.

XİN rəhbəri, həmçinin ASEAN və İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci nazirlərarası görüşündə də çıxış edib. Nazir Məmmədyarov iki qurum arasında əməkdaşlığın davam etdirilməsinin bütün region dövlətlərinin maraqlarına cavab verdiyini qeyd edib, eyni zamanda, üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın vacibliyini, bu məqsədlə konfransların, biznes forumların, turist turlarının təşkili və investisiya imkanlarının araşdırılması üçün qarşılıqlı missiyaların həyata keçirilməsini təklif edib.

Nazir Antiqua və Barbudanın Baş naziri Baldvin Spenser və Küveytin xarici işlər naziri M.əl-Sabahla ikitərəfli görüşlər də keçirib. Görüşlərdə regional və beynəlxalq məsələlər, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə də iqtisadi, enerji, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün səfərlər mübadiləsi, biznes forumların təşkili və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti