...

Sarkozi fransalı senatorların "erməni soyqırımı" haqqında qanunun ləğvi üçün müraciətindən narahatdır

Siyasət Materials 31 Yanvar 2012 20:33 (UTC +04:00)
Fransalı senatorların qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğv edilməsi tələbi ilə Konstitusiya Şurasına müraciət etməsi Fransa Prezidenti Nikola Sarkozini narahat edib.
Sarkozi fransalı senatorların "erməni soyqırımı" haqqında qanunun ləğvi üçün müraciətindən narahatdır

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir M.Salmanov/

Fransalı senatorların qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğv edilməsi tələbi ilə Konstitusiya Şurasına müraciət etməsi Fransa Prezidenti Nikola Sarkozini narahat edib. Bu barədə çərşənbə axşamı Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, Sarkozi bir qrup parlamentarilərlə keçirdiyi görüşdə bəzi senatorların adıgedən qanunun ləğvi tələbi ilə Konstitusiya Şurasına müraciət etməsinə görə narahat olduğunu deyib.

Sarkozinin parlamentarilərə "bu addım mənə xidmət etmədi" şəklində ifadə işlətdiyi bildirilir.

Fransalı senatorlar qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğv edilməsi tələbi üçün lazımi sayda imza toplayıblar.

Senatorlar bu gün lazım olan 60 imza əvəzinə 70 imza toplayıblar, bununla da onlar bu gün Konstitusiya Şurasına müraciət ediblər.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti