Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir M.Əliyev/
Fransa Konstitusiya Şurasının qərarı Türkiyə və Azərbaycan diplomatiyasının əhəmiyyətli qələbəsidir. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov partiyanın rəsmi saytına bildirib.
"Fransa Senatının qəbul etdiyi uydurma "erməni soyqırımının" inkarına görə məsuliyyət müəyyən edən qanunun Konstitusiya Şurası tərəfindən ləğv edilməsi Türkiyə və Azərbaycan diplomatiyasının əhəmiyyətli bir qələbəsidir", - Əhmədov deyib.
Onun sözlərinə görə, bu qərarla Fransa cəmiyyəti qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmüş Nikola Sarkoziyə öz münasibətini ifadə edib. O, bu hadisənin prezident seçkilərində Sarkozinin namizəd kimi seçicilərin ciddi dəstəyini əldə etmək imkanında olmadığından xəbər verdiyini vurğulayıb.
"Konstitusiya Şurası belə bir qərar qəbul etməklə Fransanın demokratik ənənələrini və dəyərlərini ciddi zərbələrdən xilas etmiş oldu. Fransanın böyük, dərin, zəngin demokratik ənənələri var və bu cür sərsəm qanunu qəbul etməklə, əslində Sarkozi və onun tərəfdarları Fransanın demokratik imicinin üzərinə böyük bir kölgə salmışdılar", - Əhmədov deyib.
O qeyd edib ki, Konstitusiya Şurası Fransanın demokratik imicini qoruyub saxlaya bildi. "Bu onu göstərir ki, Fransada heç də hamı Sarkozi və onu dəstəkləyən insanlar kimi düşünmürlər. Fransada daha demokratik təfəkkürlü insanlar çoxluq təşkil edir və onlar heç bir halda razı olmaq istəmirlər ki, Fransa kimi demokratik ənənələri olan ölkədə insanların sərbəst surətdə öz fikirlərini ifadə etməsinə hər hansı məhdudiyyət qoyulsun", - YAP sədrinin müavini vurğulayıb.