...

Azərbaycanın GUAM-da sədrlik proqramı təqdim edilib

Siyasət Materials 5 Mart 2012 18:04 (UTC +04:00)
Çexiyada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi altında GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilib.
Azərbaycanın GUAM-da sədrlik proqramı təqdim edilib

Azərbaycan, Bakı, 5 mart /Trend/

Çexiyada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi altında GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iclasda GUAM-a sədrlik edən Azərbaycanın 2012-ci ildə GUAM-da sədrliyinə dair "Azərbaycan Respublikasının Sədrlik Proqramı"na xarici işlər nazirləri tərəfindən baxılıb və Milli Əlaqələndirmə Şurasına növbəti iclasında proqramın icrası üçün fəaliyyət planı hazırlamaq tapşırılıb.

XİNŞ-in iclasında "GUAM ölkələrinin BMT, ATƏT, Avropa Şurası və Vyanada yerləşən digər beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin qarşılıqlı fəaliyyətinə dair Plan"ın razılaşdırılması barədə razılıq əldə olunub.

XİNŞ Azərbaycanın ATƏT ilə əlaqələri intensivləşdirmək və GUAM-ın baş katibinin Vyanaya səfərinin təşkil olunması, eyni zamanda, ATƏT-in Daimi Şurasında çıxış etməsi təşəbbüsünü alqışlayıb. XİNŞ, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində GUAM-a üzv ölkələrin əməkdaşlıq və əlaqələndirmə məsələlərini müzakirə edib.

Xarici işlər nazirləri Azərbaycan tərəfinə Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi ilə bağlı təşəbbüsünə görə təşəkkür ediblər.

Xəbər lenti

Xəbər lenti