...

Ramil Usubov: I Avropa Oyunlarına polisin və Daxili Qoşunların 20 mindən çox əməkdaşının və hərbi qulluqçusunun cəlb edilməsi nəzərdə tutulub

Siyasət Materials 2 Fevral 2013 23:37 (UTC +04:00)
2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində və dövründə daxili sabitliyin, ölkəmizə gələcək nümayəndə heyətlərinin və bütün qonaqların təhlükəsizliyinin təmin olunması ilə bağlı hazırlıq işlərinə artıq başlanılmışdır. Trend-in məlumatına görə, bunu bu gün Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında çıxışı zamanı daxili işlər naziri Ramil Usubov deyib.
Ramil Usubov: I Avropa Oyunlarına polisin və Daxili Qoşunların 20 mindən çox əməkdaşının və hərbi qulluqçusunun cəlb edilməsi nəzərdə tutulub

Azərbaycan, Bakı, 2 fevral /Trend /

2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində və dövründə daxili sabitliyin, ölkəmizə gələcək nümayəndə heyətlərinin və bütün qonaqların təhlükəsizliyinin təmin olunması ilə bağlı hazırlıq işlərinə artıq başlanılmışdır. Trend-in məlumatına görə, bunu bu gün Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında çıxışı zamanı daxili işlər naziri Ramil Usubov deyib.

"Ümummilli lider Heydər Əliyevin uzun dövrə hesablanmış strateji siyasət kursunu xalqın və dövlətin maraqlarına uyğun, müvəffəqiyyətlə inkişaf etdirməniz sayəsində ölkə həyatının bütün sahələrində davamlı tərəqqiyə nail olunmuş, respublikamızın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Sözsüz ki, rəhbərliyiniz altında əldə edilən bu nailiyyətlər, həmçinin ölkəmizdə ictimai asayişin, sabitliyin, insan hüquq və azadlıqlarının etibarlı qorunmasında da mühüm rol oynamışdır" Ramil Usubov bildirib.

Nazirin sözlərinə görə, uzun illərdir ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və daxili təhlükəsizliyin təmini sahəsində MDB və Şərqi Avropa məkanında lider dövlətlərdəndir. Bu müsbət təmayül 2012-ci ildə də davam etmişdir.

"Ölkəmizi dünya və Avropa birliyinin çox etibarlı üzvü kimi tanıtmanızın məntiqi nəticəsidir ki, Azərbaycan Respublikası və onun paytaxtı Bakı şəhəri beynəlxalq əhəmiyyətli mühüm tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Təkcə ötən il respublikanın müxtəlif yerlərində keçirilən 500-ə yaxın belə beynəlxalq tədbirdə digər hüquq mühafizə və xüsusi xidmət orqanları ilə birgə ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunmuşdur.
Çox sevindirici haldır ki, Azərbaycanın iqtisadi, siyasi və əmin-amanlığın təmini baxımından özünü sabit ölkə kimi tam təsdiqləməsi 2015-ci ildə birinci Avropa Oyunlarının məhz Bakı şəhərində keçirilməsi ilə bağlı tarixi qərarın qəbul edilməsi ilə nəticələnmişdir.
Əlbəttə, bu mühüm hadisənin təməlində ölkəmizdə idmanın inkişafına Zati-aliniz tərəfindən göstərilən qayğı, o cümlədən müasir idman infrastrukturunun yaradılması istiqamətində gördüyünüz böyük işlər və bunun nəticəsi kimi idmançılarımızın ən yüksək səviyyəli beynəlxalq yarışlarda qazandığı nailiyyətlər dayanır" Ramil Usubov deyib.

Nazir qeyd edib ki, Avropa Oyunları ilə bağlı qarşıda duran vəzifələrin uğurlu icrası üçün müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunacaqdır.

"Bu baxımdan, hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsində əhəmiyyətli rolu olan "Təhlükəsiz Şəhər" sisteminin videomüşahidə vasitələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər Sizin böyük qayğınız sayəsində ardıcıllıqla həyata keçirilməkdədir.
Sistemin fəaliyyətə başladığı 2008-ci ildən bu günədək respublika üzrə 1330 yerdə 5790, o cümlədən paytaxtda 1064 yerdə 2902, Gəncədə 131 yerdə 370, Sumqayıtda 85 yerdə 228, Abşeron rayonunda 19 yerdə 55, habelə Bakı metropolitenində 73 yerdə 1974 kamera quraşdırılmışdır.
Cari ilin birinci rübündə isə paytaxtda daha 150 yer üzrə 210 videomüşahidə vasitəsi istismara veriləcəkdir. Bu sahədə fəaliyyətin davam etdirilməsi məqsədilə yüksək diqqətinizə məruzə olunan məsələlər, o cümlədən 150 yerdə "Üztanıma" funksiyasına malik kameraların alınmasına zəruri maliyyə vəsaitinin ayrılması və qarşıda duran digər vacib vəzifələrin reallaşması üçün göstərdiyiniz əvəzsiz köməkliklərə görə Zati-aliləri, Sizə dərin minnətdarlığımı bildirirəm.
Bundan əlavə, ötən il keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yol-patrul avtomobilləri, əl metal detektorları və digər xüsusi vasitələr alınmış, bütün yol-patrul avtomobilləri bort kompyuterlərlə təchiz olunmuşdur" Ramil Usubov çıxışında deyib

Nazirin sözlərinə görə, birinci Avropa Oyunları ilə əlaqədar təminat tədbirləri çərçivəsində əlavə olaraq post-patrul xidməti avtomobillərində də bort kompyuterlərin quraşdırılması, piyada naryadlar üçün planşet kompyuterlərin, radiostansiyaların və metal axtaran detektorların alınması nəzərdə tutulmuşdur.

"Asayişin təmini tədbirlərində iştirak edəcək bayır xidməti əməkdaşlarının professional və fiziki hazırlığının artırılması, habelə ingilis dili kurslarına cəlb olunması sahəsində tədbirlər də davam etdiriləcəkdir.
Bununla bərabər, strateji əhəmiyyətli mühüm obyektlərdə mühafizə-rejim tədbirləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin qorunması gücləndiriləcək, insanların sıx toplaşdığı, o cümlədən istirahət və gəzinti yerlərində hüquq qaydasının təmin olunmasına cəlb ediləcək qüvvələrin sıxlığı dislokasiya üzrə artırılacaqdır.
Yarışlar keçirilən ərazidə və qonaqların yerləşəcəyi mehmanxanaların ətrafında nəzarət-buraxılış işinin təşkili, habelə nəqliyyatın normal hərəkətinin təmin edilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin müşayiəti üçün lazımi sayda yol-patrul naryadlarının ayrılması, bütövlükdə isə bu mühüm beynəlxalq tədbirə polisin və Daxili Qoşunların 20 mindən çox əməkdaşının və hərbi qulluqçusunun cəlb edilməsi nəzərdə tutulmuşdur.
Digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə mümkün təxribatların qarşısının alınması, həmçinin ölkəyə qanunsuz gələn və yaşayan əcnəbilərin müəyyən edilməsi, paytaxtda yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət olunması istiqamətində tədbirlər də nəzarətdə saxlanılacaqdır.
Yarışlara hazırlıq dövründə həyata keçiriləcək bütün tədbirlərin gedişi barədə Zati-alinizə və Birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, çox hörmətli Mehriban xanım Əliyevaya mütəmadi məruzə olunacaqdır.
Cənab Prezident, Sizi əmin edirəm ki, daxili işlər orqanlarının bütün əməkdaşları bu Olimpiya Oyunlarının təhlükəsiz keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər" daxili işlər naziri çıxışının sonunda deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti