...

Prezident İlham Əliyevin sədrliyi ilə regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfrans keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 12 Fevral 2013 20:08 (UTC +04:00)
Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans işə başlayıb.
Prezident İlham Əliyevin sədrliyi ilə regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfrans keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:04-də yayılıb)

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Dövlətimizin başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış oldu.

Sərgidə Azərbaycan iqtisadiyyatı və ölkəmizin regionlarının 2003-2012-ci illərdə keçdiyi inkişaf yolu hərtərəfli əksini tapıb. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, 2003-cü ildən bəri ümumi daxili məhsul üç dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artıb. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalıb. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil edib və xarici ticarət dövriyyəsi 6,4 dəfə artıb. Dünyanın ən nüfuzlu "Standard & Poor's", "Fitch" və "Moody's" beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır. "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir.

Bildirildi ki, çoxşaxəli fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da regionların sosial-iqtisadi inkişafında yaxından iştirak edir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" proqram və layihələri çərçivəsində müxtəlif bölgələrdə silsilə tədbirlər reallaşdırılır. Respublikamızın bölgələrində Fondun xətti ilə sosial, infrastuktur, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, təhsil, idman, mədəniyyət və digər sahələri əhatə edən yüzlərlə layihələr, çoxlu sayda xoşməramlı tədbirlər keçirilib.

Bildirildi ki, 2003-cü ildən bəri regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Naxçıvan Muxtar Respublikası da sürətli və hərtərəfli inkişaf yolu keçib. Muxtar respublikada ümumi daxili məhsul 12,5 dəfə, adambaşına düşən ümumi daxili məhsul isə 11 dəfə artıb. Sənayedə artım 45,4 dəfə, kənd təsərrüfatında 4,4 dəfə, xarici ticarət dövriyyəsində isə 12,2 dəfə təşkil edib. 2003-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında əsas kapitala yönəldilən investisiyanın məbləği 15,5 dəfə çoxalıb, silsilə infrastruktur və sosial obyektlər tikilib istifadəyə verilib.

Sənayeləşmə siyasəti başlıca prioritetlərdən olan ölkəmizdə 2003-cü ildən bəri sənaye istehsalı 2,6 dəfə artmış və kompleks tədbirlər hesabına yaxın illərdə bu artımın daha da yüksələcəyi gözlənilir.

Ölkədə həyata keçirilən infrastruktur layihələri də kifayət qədər çoxdur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinə və bu sahənin inkişafına görə artıq ölkəmiz öncül yerlərdədir, bu yaxınlarda Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb.

Hazırda aqrar sektorun inkişafı diqqət mərkəzindədir. 2003-2012-ci illərdə aqrar sektor 1,4 dəfə, heyvandarlıq məhsullarının istehsalı isə 3,4 dəfə artıb. Sahibkarlara Kömək Milli Fondunun xətti ilə 2003-cü ildən bəri 15 mindən çox sahibkara 936 milyon manat güzəştli kredit ayrılıb. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 104 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb.

Ötən müddətdə verilən kreditlərin məbləği 20,3 dəfə artıb. Ayrılan kreditlərin 43,4 faizi və ya 406,3 milyon manatı qaytarılan vəsaitlər hesabına təmin olunub. 496,8 milyon manat güzəştli kredit dövlətimizin başçısının tapşırığına müvafiq yeni texnologiyalara əsaslanan 248 investisiya layihələrinə yönəldilib. 1640 qadın, 1497 gənc və 892 məcburi köçkün sahibkar da güzəştli kreditlərlə təmin edilib. Ekoloji sahədə ölkəmiz beynəlxalq standartların tətbiqinə xüsusi diqqət yetirir və silsilə layihələr reallaşdırılır.

Ölkəmizdə turizm sahəsi də çox sürətlə inkişaf edir. 2003-cü ildən bəri turizm sektoru 8,5 dəfə və ölkəmizə gələn turistlərin sayı isə 3,3 dəfə artıb.

Paytaxtda olduğu kimi, respublikamızın regionlarında sosial infrastrukturun inkişafı da maksimum diqqətdə saxlanır.

Sərgidə iqtisadi rayonların əsas sosial-iqtisadi göstəricilərini əks etdirən məlumat lövhələri və videoçarxlara da geniş yer verilib.

Videoçarxlarda dövlətimizin başçısının regionlara səfərləri və dövlət proqramları əsasında həyata keçirilən silsilə tədbirlər hərtərəfli əksini tapıb.

Sərginin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, həmçinin Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətindən bəhs edən bölmələri də zənginliyi ilə seçilir. Burada ölkədə istehsal olunan məhsulların elektron kataloqu, iqtisadi rayonların pasportları, eləcə də, Sumqayıt Kimya Sənayesi və Balaxanı Sənaye Parkları barədə İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan çap materialları və təqdimatlar da geniş yer alıb.

Ümumilkdə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkəmizin bölgələrinin simasını tanınmaz dərəcədə dəyişir, əhalinin güzəranı yaxşılaşır, sosial problemlər ardıcıllıqla həllini tapır və sahibkarlıq daha da inkişaf edir.

Dövlətimizin başçısı konfransı giriş nitqi ilə açdı.

Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Ağdam heyvandarlıq kompleksinin təsisçisi Fuad Əyyubzadə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Oğuz rayonundakı qarğıdalı emalı zavodunun baş direktoru Vaqif Hüseynov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Ağsu rayonundakı "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodunun icraçı direktoru Rövşən Fərhadov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış etdilər.

Prezident İlham Əliyev konfransda yekun nitqi söylədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti