...

Boris Tadiç: Dünya ictimaiyyəti münaqişələrin həllinə maksimum səy göstərməlidir

Siyasət Materials 31 Oktyabr 2013 16:52 (UTC +04:00)
Hazırda dünya ictimaiyyətinin arsenalında regional münaqişələrin nizamlanması üçün bir çox alətlər mövcuddur və onların həllində maksimum səy göstərmək lazımdır.
Boris Tadiç: Dünya ictimaiyyəti münaqişələrin həllinə maksimum səy göstərməlidir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir E.Əliyev/

Hazırda dünya ictimaiyyətinin arsenalında regional münaqişələrin nizamlanması üçün bir çox alətlər mövcuddur və onların həllində maksimum səy göstərmək lazımdır.

Trend-in məlumatına görə, bunu cümə axşamı Serbiyanın keçmiş Prezidenti Boris Tadiç III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı deyib:

"Müxtəlif regionlarda münaqişələrin baş verməməsi üçün gələcəkdə bir-birimizin eynilik təfəkkürünü yaratmaq lazımdır. Hər hansı problem yaranmazdan əvvəl onun barəsində düşünən zaman çox ağıllı davranırıq. Məhz bu mənada mövcud forumun keçirilməsi çox vacibdir. Forum iştirakçıları gələcəkdə qarşımıza çıxa biləcək problemlərin həllinin axtarışında öz sadiqliklərini nümayiş etdirməlidirlər".

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət xeyli sayda münaqişələrlə səciyyələnir və çətin ki, bütün dünyada daha az münaqişəli vəziyyəti gözləmək mümkündür: "Məhz buna görə də gələcəkdə belə münaqişələrin həllinə daha yaxşı hazırlaşmaq lazımdır".

B.Tadiç bildirib: "Mən Balkan yarımadasının nümayəndəsiyəm. Serbiya eyniləşdirmə münaqişələri ilə bağlı qorxunc münaqişələrlə üzləşib. Mən Bosniyada, atam Monteneqroda, nənəm Xorvatiyada anadan olub. Lakin mən özümü serb kimi eyniləşdirirəm və mənim eyniliyim bundan ibarətdir. Yuqoslaviyada bir dildə danışırdıq. Bizim tarix və təcrübəmiz ümumi olub. Bu ümumiliyə baxmayaraq, biz qorxunc münaqişəyə cəlb edildik. O zaman ümumi cəhətləri olmayan və ya qeyri-sabit regionlarda olan xalq və ölkələr haqqında nə danışmaq olar? Məhz buna görə də dünya ictimaiyyəti əvvəlcədən belə münaqişələrin qarşısının alınmasına hazır olmalıdır".

Qeyd edək ki, oktyabrın 31-də Heydər Əliyev Mərkəzində III Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.

Forumun həmsədrləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.

III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti