Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir V. Javoronkova/
Serbiyanın sabiq Prezidenti Boris Tadiç çox mühüm model kimi multikulturalizmin saxlanılmasına çağırır.
Trend-in məlumatına görə, cümə günü III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində təşkil "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında" mövzusunda keçirilən dəyirmi masada B.Tadiç deyib: "Mən ondan narahatam ki, bəzən bu modelin fəaliyyətini şübhə altına qoyurlar. Mən zorakılıqdan, stabilliyin pozulmasından və müharibələrdən qaçmağa kömək edə biləcək multikulturalizmin saxlanılmasında təkid etmək istərdim".
Qeyd edək ki, oktyabrin 31-dən noyabrın 1-dək Bakıda III Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.
İki gün davam edəcək Forumda səkkiz sahə üzrə dəyirmi masalar təşkil ediləcək: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".
Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.