...

Prezident İlham Əliyev: Azərbaycanda aparılan dövlət siyasəti nəticəsində uşaq hüquqlarının bütün sahələrinin həlli üçün əlverişli mühit formalaşdırılıb

Siyasət Materials 11 Noyabr 2013 11:27 (UTC +04:00)
Azərbaycan Respublikasında aparılan dövlət siyasəti nəticəsində uşaq hüquqlarının bütün sahələrinin, o cümlədən urbanizasiyadan irəli gələn problemlərin həlli üçün əlverişli mühit formalaşdırılıb və bu istiqamətdə konkret proqramlar, layihələr həyata keçirilir.
Prezident İlham Əliyev: Azərbaycanda aparılan dövlət siyasəti nəticəsində uşaq hüquqlarının bütün sahələrinin həlli üçün əlverişli mühit formalaşdırılıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbirl'r İ.İsabalayeva, S.Əhmədova/

Azərbaycan Respublikasında aparılan dövlət siyasəti nəticəsində uşaq hüquqlarının bütün sahələrinin, o cümlədən urbanizasiyadan irəli gələn problemlərin həlli üçün əlverişli mühit formalaşdırılıb və bu istiqamətdə konkret proqramlar, layihələr həyata keçirilir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İSESCO-ya üzv olan ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin 4-cü konfransının iştirakçılarına ünvanladığı məktubda deyib. Məktubu Baş nazirin müavini Əli Əhmədov oxuyub.

Məktubda qeyd edilib: "Hörmətli konfrans iştirakçıları! Sizin hamınızı səmimi qəlbdən salamlayır, hər birinizə uzun ömür, cansağlığı və konfransın işinə uğurlar arzulayıram. Ümidvaram ki, Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən bu konfrans İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına üzv ölkələr arasında qarşılıqlı faydalı münasibətlərin dərinləşməsinə, səmərəli əməkdaşlığın güclənməsinə öz müsbət təsirini göstərəcək və islam dünyasında uşaqlar və urbanizasiya problemlərinin həllinə layiqli töhfəsini verəcək".

Azərbaycan Prezidenti bildirib ki, qloballaşma dövründə böyük sosial vüsət alan urbanizasiya hər bir ölkədə yaranmış çox saylı problemlərin həllini tələb edir: "Azərbaycanda regionların inkişafı ilə əlaqədar reallaşan dövlət proqramlarında şəhərlərin infrastukturu, ekoloji mühiti və müvafiq sosial təchizatları əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların ehtiyaclarını nəzərə almaqla qurulur. Bu sahədə görülən işlər, şübhəsiz ki, gələcəkdə də davam etdiriləcək. Uşaqların sağlamlığı, təhsili ilə bağlı hüquqların təmin olunması müasir dövrdə demokratik cəmiyyətin inkişafının əsas prioritetlərindəndir".

Dövlət başçısı təbrik məktubunda qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında islam ölkələrinin tutduğu mövqe və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dair qəbul etdiyi müvafiq qərarlar ölkəmizdə yüksək qiymətləndirilir: "Bu münaqişə
nəticəsində doğma yurdlarından məhrum olub, qaçqın və məcburi köşkün həyatı yaşamaq məcburiyyətində qalmış bir milyon soydaşımızın əsas hüquqlarının bərpası həm də onların uşaqlarının hüquqlarının təmin olunması deməkdir. Sözsüz ki, bu sahədə birgə səylərimiz son nəticədə öz bəhrəsini verəcək".

İlham Əliyev vurğulayıb ki, dayanıqlı inkişafın strategiyası uşaq
hüquqları və uurbanizasiya məsələlərinin həlli üçün müxtəlif
beynəlxalq qurumların, o cümlədən İSESCO-nun fəaliyyətinin daha da gücləndirilməsini tələb edir: "Əminəm ki, konfrans bütün bu məsələlərə diqqət yetirəcək, geniş müzakirələr aparacaq və onların həllinə yönəlmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi yolunda mühüm addımlar atacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti