...

Nobel mükafatı laureatı Teodor Volfqanq Henş: Azərbaycanda qara qızılın insan qızılına çevrilməsinin mühüm istiqamət kimi götürülməsi sevindiricidir (FOTO)

Siyasət Materials 2 Oktyabr 2014 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Aygün Bədəlova/

"Biz son 20 ildə yeni insan nəsli yaratmışıq. Peyvəndlər, vaksinlər özləri də dəyişib. 20-30 yaşından sonra baş verən bədxassəli şiş və digər xəstəliklər biologiya ilə bağlı deyil. Çünki onların insan nəslinin qorunub saxlanılmasına təsiri yoxdur. Biz əla keyfiyyətli ibtidai təhsili təmin etməli, gənc müəllimlər və əsl təhsil mühiti formalaşdırmalıyıq. Bu, bütövlükdə Yer kürəsində insan həyatının qorunması üçün vacibdir".

Trend xəbər verir ki, bunu IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı diqqəti infeksiya xarakterli xəstəliklərin yayılmasına və insan nəslinin qorunmasının vacibliyinə yönəldən fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Tsinkernagel deyib.

Paneldə çıxış edən fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Ervin Neher isə deyib ki, beyinlə bağlı olan bir çox xəstəliklərin müalicəsi mümkündür. O bildirib ki, insan beynində siqnallar bir hüceyrədən digərinə ötürülür: "Bu gün aparılan tədqiqatlar insanların sağlam həyat tərzi yaşamasında mühüm rol oynayacaq".

Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur Markus bildirib ki, bu gün iqtisadi depressiyalar, epidemiyalar yaranır, ortaya ziddiyyət çıxır. Onun fikrincə, yeni texnologiyaların tətbiqi, Günəş enerjisindən istifadə ilə bağlı yeni texnologiyalar təqdim edə bilər: "Biz dünyanın problemlərini anlamasaq, onların həllinə nail ola bilmərik".

Kimya üzrə digər Nobel mükafatı laureatı Keri Benks Mullis isə bəzi problemlərə, insanın mahiyyətinə xas olan nifrət probleminə toxunub: "Qətllər, zorakılıq baş verirsə, biz o insanlara ikrahla baxırıq. Ancaq onlar hansı səbəbdən bu vəziyyətə düşüblər, niyə insanlara nifrət edirlər? Bizdə bu gün bir-birimizə hörmətlə yanaşmaq prinsipi mövcud deyil. İnsan kimi bu keyfiyyətə malik ola bilərik. İnsan elə məxluqdur ki, müxtəlif şəraitdə müxtəlif cür ola bilər. Ona görə də şəraiti müsbət mənada dəyişməliyik".

İnternet və telefon barədə danışan fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflin deyib ki, televizor və radionun yaranması ilə dünya dəyişib. İndi də kompüterlər insanlar əvəzinə qərar qəbul edirlər: "Proseslər sürətlənib. Hətta mağazada hansı məhsulun harada olmasını da kompüterdən öyrənirik. İnqilab başa çatıb, qərarların qəbul edilməsi o qədər sürətlə gedir ki, uşaqlarımız valideynlərdən xeyli irəlidədir. Bunu da bizə fizika verib. Kompüterin səhv etmək ehtimalı da sıfıra bərabərdir. Biz elə şeylərdən xəbərdarıq ki, əvvəlki nəsillər bu barədə bilmirdilər. Texnologiyanın sonu yoxdur".

O bildirib ki, internet artıq informasiya mübadiləsi ilə yanaşı, əyləncə funksiyasını da yerinə yetirir: "Bəzi ölkələr interneti özləri üçün həssas məsələ sayır, anonimliyi aradan qaldırdığını bildirir. Mən bir alim kimi hesab edirəm ki, sürətin bu dərəcədə artması artıq bir inqilab deyil, sürətlə irəli getməkdir".

Kimya üzrə Nobel mükafatı laureatı Kurt Vütrix bildirib ki, bu gün dünyada proseslər adi araşdırmadan çoxtərəfli araşdırmalara doğru gedir, ona görə də proqnoz vermək çətindir: "İndi hələ 1946-cı ildə kəşf edilən maqnit rezonansının effekti biznes fəaliyyətinə çevrilib. Bu gün hər bir xəstəxana xəstəliklərin diaqnozunun qoyulmasında maqnit rezonansından istifadə etməyə çalışır. Bəs necə oldu ki, maqnit rezonansı indi tibb sahəsində geniş istifadə edilməyə başlandı? Çünki bu üsulun əvvəllər hansı imkanları yaradacağını bilmirdik".

İqtisadiyyat üzrə Nobel mükafatı laureat Fin Kidland bir sıra ölkələrin iqtisadi böhranın təsirindən qurtulmağa başladığını söyləyib. Bır sıra ölkələrin müsbət və acı təcrübələrini xatırladan alim deyib ki, dövlətlər davamlı iqtisadi artımla yaşaya bilməzlər, çünki istehlak məsələsi var. Onun fikrincə, hər bir ölkənin gələcək üçün konkret siyasəti olmalı, hökumətlər proqnozlarında obyektiv olmalıdırlar.

Fizika üzrə Nobel mükafatı laureatı Deyvid Conatan Qross qeyd edib ki, problemlər cəmiyyətin təbiətindən qaynaqlanır. Onun fikrincə, düzgün, sağlam rəqabət olmalı, bir cəmiyyət digərindən yaxşı nümunələr götürməlidir: "Xalqlar öz səylərini birləşdirməlidir. Dünya hökumətinin yaradılması qaçılmazdır. Münaqişələri bomba ilə həll etməməliyik. Min il sonra bizi nə gözlədiyini bilməliyik. Biz son illər millətçiliyin, dini fanatikliyin, zorakılığın baş qaldırıldığının şahidi olduq. Biz elmdə çətin və mümkün olmayan xəyalı, arzunu reallığa çevirmək üçün gücümüzə inanmalı, birgə çıxış etməliyik".

Azərbaycanda humanitar dəyərlərə böyük dəyər verildiyini qeyd edən fizika üzrə Nobel mükafatı laureatı Teodor Volfqanq Henş deyib ki, Azərbaycanda qara qızılın insan qızılına çevrilməsinin mühüm istiqamət kimi götürülməsi sevindiricidir: "Bu, çox mühüm seçimdir. Gələcəyə qoyulan sərmayə ən yaxşı sərmayədir".

Paneldə fizika üzrə Nobel mükafatı laureat Corc Ficerald Smutt, kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Piter Artur Daymond, fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Tomas Kristian Züdhof və kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel çıxış edərək dünyanın üzləşdiyi qlobal iqlim dəyişikliyi, iqtisadi böhranlar, münaqişələr və digər problemlər və onlardan çıxış yollarından söz açıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti