...

Tapqaraqoyunlu kəndi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlana bilər

Siyasət Materials 29 Yanvar 2015 14:01 (UTC +04:00)
Milli Məclis Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə bağlı beynəlxalq təşkilatlara ayrıca müraciət ünvanlamalıdır
Tapqaraqoyunlu kəndi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlana bilər

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"Milli Məclis Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə bağlı beynəlxalq təşkilatlara ayrıca müraciət ünvanlamalıdır. Çünki bu kənd 1988-ci ildən bu yana erməni işğalçılarının hücumlarına məruz qalır, bu kənd insan hüquqlarının tapdalanmasına ən bariz nüminədir". Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin yanvarın 29-da keçirilən iclasında komitə üzvü Gülçöhrə Məmmədova deyib.

G.Məmmədova vurğulayıb ki, bu kənd cəbhə xəttində yerləşdiyindən demək olar ki, hər gün, hər saat ermənilər tərəfindən hücum təhlükəsi ilə qarşılaşır: "Bildiyiniz kimi, mən parlamentdə Goranboy, Ağdam və Tərtər rayonlarını təmsil edirəm. Bu rayonların hər biri də cəbhəyanı rayonlardır. Amma bu rayonların kəndləri içərisində ermənilərdən ən çox əziyyət çəkən, ən çox hücuma məruz qalan kənd Tapqaraqoyunlu kəndidir. 27 ildən çoxdur ki, bu kənd ermənilər qarşısında qəhrəmanlıqla dayanır, onların hücumlarına sinə gərir. Bu illər ərzində bir insan belə bu kəndi tərk etməyib. Əksinə, hər gün hücumlara məruz qalmasına, hər gün bu istiqamətdə ermənilər tərəfindən atəşkəsin pozulmasına baxmayaraq, bu kənd yaşayır, inkişaf edir".

Millət vəkili əlavə edib: "Eyni zamanda, görün vəziyyət nə yerdədir ki, insanlar ermənilərin hücumlarından qorunması üçün burada böyük və hündür hasar çəkiblər. Ona görə mən elə bilirəm ki, bu kəndin vəziyyətinə ayrılıqda baxmaq, yanaşmaq lazımdır. Bu kənd insan hüquqlarının pozulmasına ən bariz nümunədir. Bu baxımdan, təklif edirəm ki, yaz sessiyasında Milli Məclis ayrıca olaraq bu kəndlə, onun üzləşdiyi ağrı-acılar, faciələr, bəlalarla bağlı beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət ünvanlasın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti