...

Deputat: Ermənistanın qanunsuz məskunlaşma siyasətinin qarşısı qətiyyətlə alınmalıdır

Siyasət Materials 2 Sentyabr 2020 16:38 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan dövləti 30 ildən artıq bir müddətdir ki, dünya ictimaiyyətinin gözü qarşısında təcavüzkar siyasətini həyata keçirir. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə 20-ci əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906, 1918-1920-ci, 1948-1953 və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqrımı və etnik təmizləmələrə məruz qalmışlar.

Bunu Trend-ə Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

M.Əfəndiyev bildirib ki, 27 ildən artıqdır təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır:

“Ermənistanda hakimiyyət dəyişsə də, bu dövlətin terrorçu mahiyyəti heç vaxt dəyişməyib. Belə ki, münaqişənin ədalətli həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu bütün vaxtlarda Ermənistan tərəfi daim siyasi və hərbi təxribatlara əl atıb.

Buna misal olaraq biz aprel döyüşlərini, Şuşada keçirilən qondarma “prezident seçkilərini”, dövlət sərhədimizin Tovuz rayonu istiqamətində baş verən hadisələri göstərə bilərik. Bu proseslərin qarşısının alınmasında Azərbaycan öz prinsipial mövqelərindən bir addım belə geri çəkilməyib, Ermənistanın bütün həmlələrini dəf edərək onların təxribatlarına layiqli cavab verib.

Eyni zamanda, qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş qondarma “prezident seçkiləri”ndə də Ermənistan tərəfinin saxtakar və dağıdıcı mövqeyi bir daha isbat olunmuşdur. Bildiyimiz kimi, başda ATƏT-in Minsk qrupunun həmsədrləri olmaqla ATƏT Parlament Assambleyası, Avropa İttifaqı və Avropa Parlamenti, Qoşulmama Hərəkatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, NATO kimi beynəlxalq təşkilatlar bu “seçkilər”dən sonra bəyanatlar verərək bu “seçkiləri” tanımadıqlarını açıq-aydın şəkildə səsləndiriblər.

Bununla da dünya birliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını və dəstəklədiyini bəyan etmişdir. Lakin, buna baxmayaraq qeyri-rəsmi mənbələrin məlumatlarına görə sentybrın 2-də qondarma quruma, separatizmə başçılıq edən “prezidentin” 100 günlük fəaliyyətinə dair konfransda hesabatla çıxış etməsinin nəzərdə tutulması, bir daha Ermənistan tərəfinin sülh danışıqlarında destruktiv mövqe nümayiş etdirdiyinə əyani sübutdur”.

Deputat, həmçinin bildirib ki, bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiyanın münaqişə tərəflərini yenidən danışıqlar stolu arxasına dəvət etdiyi bir vaxtda Ermənistanın işğalçı rejimi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə ayrı-ayrı ərəb dövlətlərindən, əsasən Livandan olan erməni qaçqınlarının məqsədli şəkildə yerləşdirilərək qeyri-qanuni məskunlaşma etmək və beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaq Cənubi Qafqazda sülhün, əminamanlığın bərqərar olunmasını şübhə altına alır. Qeyd edək ki, bundan əvvəl də işğal altındakı ərazilərimizdə narkotiklərin qeyri-qanuni əkini, emalı və tranzitinin məhz əcnəbi miqrantlar vasitəsi ilə həyata keçirilməsinə dair sübutlar var idi:

“Bütün bunlar yolverilməzdir və hesab edirəm ki, Ermənistanın qanunsuz məskunlaşma siyasətinin qarşısı qətiyyətlə alınmalıdır. Bu həm də nüfuzlu beynəlxalq təşkilatların sülh çağırışlarına maneə yaratmaq məqsədi daşıyır. Bir daha dünya birliyini münaqişənin ədalətli həlli ilə bağlı Azərbaycanın sülhsevər səylərinin dəstəklənməsi istiqamətində əməli addımlar atmağa, Ermənistanın işğalçı rejiminə münasibətdə siyasəti sərtləşdirməklə BMT TŞ-nin qəbul etdiyi qətnamələrin tələblərinə qeyd-şərtsiz, bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməsi üçün daha çox təzyiq göstərməyə çağırıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti