Bakı. Trend:
Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabındakı paylaşımında bildirib.
H.Hacıyev bildirib: "Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raketlər Yevlax rayonu ərazisində BTC boru kəmərindən 10 metr aralı düşüb. 300-dən çox kaset tipli bombaların qəlpələri ətrafa yayılıb. Boru kəmərinə heç bir ziyan dəyməyib. ANAMA hadisə yerində işləyir. Ermənistan enerji infrastrukturuna çarəsiz hücum cəhdləri edir".
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, iki halda Goranboy rayonu ətrafında kəndlərə yaxın ərazilərdə Ermənistan tərəfindən kaset tipli raketlərin atılması qeydə alınıb: "Ermənistan Azərbaycanın yaşayış sahələrinə qarşı kaset tipli raketlərdən fəal şəkildə istifadə edir. Faktlar yerində qeydə alınıb, ANAMA işləyir".