...

Azərbaycanın qazandığı zəfər dünyanın hərbi ekspertləri tərəfindən öyrənilir - Ekspert

Siyasət Materials 15 Noyabr 2020 17:02 (UTC +04:00)
Azərbaycanın qazandığı zəfər dünyanın hərbi ekspertləri tərəfindən öyrənilir - Ekspert

Bakı. Samir Əli - Trend:

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimzin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Bu fikirləri Trend-ə açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, Azərbaycan Ordusu işğalçı Ermənistana qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları ilə Vətən müharibəsinin yeni modelini ortaya qoydu:

“Bütün dünya və hərbi ekspertlər Azərbaycanın hərbiyə tətbiq etdiyi texnoloji müharibəni təqdir etdilər. Prezidentin yeni üsul müharibə deməsi tam reallığı əks etdirir. Çünki müharibənin gedişi göstərdi ki, bizim Ordumuz ən müasir texnologiyalar və silah növlərindən istifadə edirdi. Bu hərbi əməliyyatların xüsusi fərqi ondan ibarət idi ki, birbaşa kontakt olmadan döyüşün aparılması həyata keçirilirdi. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi uğurları, müasir taktikanı tətbiq etməsəydik, ən azı iki ilə əldə etmək mümkün olardı.

Bizim PUA-larımız düşməndə əsl vahimə yaratdı. Dəqiq atəşləri ilə, demək olar ki, düşmənin hərbi arsenalı və canlı qüvvəsinin böyük hissəsini məhv etmiş olduq. Bu cür müharibə üsulu bizə həm də hərbi əməliyyatları maksimum az itki ilə həyata keçirməyə imkan verdi. Bu baxımdan da Ermənistanla bizim itkilərimiz arasında çox ciddi fərq var. Bütün bunlara rəğmən, burada Azərbaycan Ordusundakı zabit və əsgərlərin yüksək döyüş ruhunu da xüsusi qeyd etməliyik. Çünki bu olmadan, hansı müasir silah olsa da, qələbə qazanmaq mümkün deyil. Əldə olunan bu nəticə dünyanın orduları tərəfindən təhlil edilir”.

Kəlbəcər, Ağdam, Laçın şəhərlərinin qrafik üzrə Azərbaycana verilməsi isə müharibədə qazanılan uğurun, qələbənin nəticəsidir. Əgər biz döyüş meydanında zəfər çaldıqsa, heç şübhəsiz ki, bunun sonrakı davamı siyasi diplomatik fazaya keçməli idi. Biz 30 il ərzində məğlub ölkə təəssüratını yaşadıq və dünyanın ikili standartlarının qurbanı olduq. Onlar bir növ status-kvonu və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqla başımıza “sığal” çəkdilər. Amma bu gün biz cəmi 44 gün ərzində düşmənin 30 il ərzində hazırladığı səngərləri, istehkamları dağıdaraq torpaqlarımızı qısa zamanda işğaldan azad etməyimiz düşməni məcbur etdi ki, atəşkəs elan olunsun və masa ətrafında danışıqlar aparılsın. Həmin danışıqların nəticəsi isə o oldu ki, bir qarış torpağımız belə işğalçılarda qala bilməz. Paralel olaraq, sülhməramlıların əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır. Azərbaycan Prezidenti həmişə vurğulayıb ki, müharibənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısının alınacağına dəlalət edir. Bir məqam da xüsusi əhəmiyyətlidir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan blokadadan azad olur. Ermənistan öz ərazisi ilə Naxçıvanla Azərbaycanın qərb rayonları arasında zəmanətli, təhlükəsiz dəhlizin yaradılmasını üzərinə götürür”.

B.Quliyev əlavə edib ki, təəssüflər olsun ki, bəzi şəxslər sülhməramlıların Qarabağda yerləşdirilməsini yalnış başa düşərək cəmiyyətdə çaşqınlıq yaradırlar: “Bəzi rayonlarımıza yerləşdiriləcək sülhməramlı mərkəzdə əsas üsul idarəçilik və səlahiyyət Azərbaycanın əlində olacaq. Azərbaycanın Ordusu, polisi və s. bütün dövlə strukturları orada yerləşdiriləcək. Hesab edirəm ki, bu məsələyə başqa don geyindirərək başqa istiqamətlərə yönəltmək lazım deyil. Azərbaycan valyutası orada tətbiq olunacaq. Bu proseslər onu göstərdi ki, Azərbaycan heç zaman öz torpaqlarından imtina etməz və sona qədər də mübarizə aparacaq. Necəki Azərbaycan qanunları çərçivəsində regionlarımızın digər yerlərində müxtəlif etnik millətlər yaşayır həmçinin həmin ərazilərdə də onlar yaşaya bilərlər. Bizdə heç bir xalqın nümayəndəsinə qarşı ayrı-seçkilik yoxdur. Biz monoetnik dövlət deyilik, əksinə multikultural, çoxmillətli ölkəyik. Bütün millətlərin mədəniyyətinə, tarixinə, keçmişinə, davranışına hörmətlə yanaşırıq. Ona görə də orada Azərbaycan qanunları çərçivəsində bütün millətlər, o cümlədən də ermənilər Azərbaycan vətəndaşı kimi yaşamaq hüququnə malikdirlər. Vətən müharibəsində qazandığımız qələbə Prezident İlham Əliyevin son 17 il ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir. İnanırıq ki, işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması nəticəsində həyat yenidən canlanacaq, insanlarımız xoşbəxt və firavan yaşayacaqlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti