Bakı. Trend:
Bu gün Azərbaycan 28 may Müstəqillik Gününü qeyd edir. Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətlərinin zəngin irsinin öyrənilməsi və təbliği ilə bağlı mühüm tədbirlər həyata keçirib və bu gün dövlət səviyyəsində bu istiqamətdə siyasət davam etdirilir.
Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Şərqdə ilk dəfə müstəqilliyini Azərbaycan bəyan etdi, ancaq o zaman Azərbaycanın müstəqil dövlət kimi yaşaması cəmi 23 ay çəkdi.
“Ümumilli liderimiz Heydər Əliyevin hər zaman Azərbaycan Xalq Cümhiriyyətinin irsinin qorunmasında böyük xidmətləri olub. Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etməmişdən məhz ulu öndərimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında 1990-cı il noyabrın 17-də Xalq Cümhuriyyətinin bayrağının qaldırılıb və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirilib.
Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra yenidən müstəqilliyini itirmək astanasında idi. O zaman Azərbaycanda hakimiyyət uğrunda çəkişmələr, xaos, anarxiya, xüsusən AXC-Müsavat cültüyünün xəyanəti nəticəsində ölkəmizdə vəziyyət dərin böhran həddinə çatmışdı. Bir tərəfdən də ermənilər torpaqlarımızı işğala məruz qoyurdular.
Məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz qorunmağa başladı. Ölkədə ictimai-siyasi sabitlik hökm sürməyə başladı, iqtisadi inkişafımızın təməli qoyuldu”, - deyə deputat bildirib.
O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev eyni zamanda hakimiyyətə gəldikdən sonra məhz 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan etmiş azərbaycanlıların adlarının əbədiləşdirilməsi istiqamətində mühüm işlər gördü.
“Ümummilli lider Heydər Əliyev 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncamı imzaladı, 2007-ci il 25 may-da İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı baş tutdu.
Eyni zamanda Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi ki, bu da dövlət başçısının Xalq Cümhuriyyətinin irsinin qorunmasına verdiyi böyük diqqətin bariz nümunəsi idi.
Bu gün Azərbaycan heç zaman olmadığı qədər qüdrətli bir ölkəyə çevrilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixin Zəfərlə torpaqlarımız işğaldan azad edilib və artıq Azərbaycan Müstəqillik Gününü qalib dövlət kimi qeyd edir”, - deyə deputat əlavə edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə deyib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti hər zaman müstəqil Azərbaycan Respublikası tərəfindən yüksək qiymətləndirilib, ölkəmizdə bu əhəmiyyətli hadisənin unudulmaması, təbliğatı üçün bir çox işlər görülüb.
“Ölkə rəhbərliyi AXC qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşıb, onun dəyərlərinə və ənənələrinə sadiq qalıb.
Hələ Azərbaycan müstəqil dövlət olmazdan öncə, 1990-cı ildə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti
bayrağının qaldırılması, bu bayrağın Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı və dövlət rəmzi kimi təsdiq edilməsi
ümummilli liderin ölkəmizin tarixi irs və ənənələrinin qorunması
üçün necə çalışdığını bir daha sübut edir.
Heydər Əliyevin AXC irsinin qorunub saxlanılması üçün gördüyü ən
vacib xidmətlərdən biri isə 2003-cü il tarixli “Azərbaycan Xalq
Cümhuriyyətinə abidə ucaldılması haqqında” imzaladığı Sərəncamla
bağlıdır. Bu tarixi Sərəncamla Cümhuriyyətə abidə ucaldılmış, onun
görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi
əbədiləşdirilmişdir. Ulu Öndərin təşəbbüsü ilə həmçinin
Cümhuriyyətin 80 illiyi münasibətilə Milli Məclis tərəfindən
amnistiya elan edilmişdir”, - deyə deputat əlavə edib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev də dahi liderin bu siyasətini davam etdirmiş, hər zaman AXC dəyərlərinin qorunması üçün böyük səylə çalışmışdır.
“2007-ci ildə şəhərin ən gözəl yerlərindən birində İstiqlaliyyət bəyannaməsi abidəsinin ucaldılması, 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cənab Prezidentin tariximizin demokratik ənənələrinə sadiqlik göstərdiyinin bariz nümunəsidir. Bu əhəmiyyətli hadisə AXC-yə yüksək ehtiramın göstəricisi və tarixi keçmişimizə verilən dəyərin sübutudur.
Müstəqillik günümüz artıq işğaldan azad edilmiş ərazilərimizdə də qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli Azərbaycan bayrağının ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində dalğalanması çox qürurverici hadisədir. Biz çox xoşbəxt dövlətik ki bu gün bu tarixi əhəmiyyətli bayramımızı qardaş ölkə Türkiyə ilə birlikdə qeyd edirik. Cənab Prezident Müstəqillik Günü ilə bağlı çıxışında bütün dünyaya mesaj verərək Azərbaycan və Türkiyənin bir yerdə olduğunu, bir yerdə olacağını və bununla gücümüzün daha da artacağını xüsusilə qeyd etməsi qardaşlıq bağlarımızın artması istiqamətində bizə güc və ruh verir”, - deyə deputat bildirib.