...

Qətiyyətli cavab əməliyyatı Ermənistan hərbi-siyasi rəhbərliyinə verilən növbəti dərsdir - Sahil Kərimli

Siyasət Materials 13 Sentyabr 2022 15:06 (UTC +04:00)
Qətiyyətli cavab əməliyyatı Ermənistan hərbi-siyasi rəhbərliyinə verilən növbəti dərsdir - Sahil Kərimli

Bakı. Trend:

Ordumuz son əməliyyatlarla Ermənistan Azərbaycan sərhədində bir çox mühim strateji mövqelərə nəzarəti təmin edib. Bu isə sərhəd boyu təhlükəsiz zona yaradılması deməkdir. Müzəffər Azərbaycan Ordusu Ermənistanın törətdiyi son təxribatların qarşısını xüsusi peşəkarlıqla alıb və qətiyyətli cavab əməliyyatları ilə düşmənə layiqli dərs verilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın sərhəd boyu bütün hərbi mövqelərini yerlə-yeksan edib, düşmən xeyli sayda canlı itki verib, dəyəri milyonlarla dollar olan texnikası dağıdılıb. Hesab edirəm ki, bu, Ermənistanın hərbi siyasi rəhbərliyinə verilən növbəti ciddi dərsdir.

Trend xəbər verir ki, bu fikirləri SİA.az-a açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

"Azərbaycanın suveren ərazilərinə hərbi təcavüz bir daha onu göstərir ki, İrəvan hələ də üzərinə götürdüyü öhdəliklərə əməl etmək istəmir, qeyri-konstruktiv mövqe sərgiləyir. Bir neçə gün əvvəl Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistan baş naziri sülh müqaviləsi imzalamaq, sülh sazişinin mətninin hazırlanması barədə razılıq vermişdi. Amma son günlərdə, xüsusilə də, ötən gecə Ermənistan ordusunun sərhəddə həyata keçirdiyi hərbi təxribatlar düşmənin əsl mahiyyətini ortaya qoydu. Məlum oldu ki, Paşinyan sülh yox, müharibə istəyir. Sirr deyil ki, bu vəziyyət Ermənistan üçün yaxşı heç nə vəd etmir", - deyə o əlavə edib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti Ermənistanı sülhə məcbur etmək üçün bütün zəruri addımları atır: "Ölkəmiz həm siyasi, həm hərbi müstəvidə qətiyyətli mövqe nümayiş etdirir. Xüsusi vurğulamaq lazımdır ki, ordumuz son əməliyyatlarla Ermənistan Azərbaycan sərhədində bir çox mühim strateji mövqelərə nəzarəti təmin edib. Bu isə sərhəd boyu təhlükəsiz zona yaradılması deməkdir.

Son saatlarda Ermənistan mətbuatı və sosial şəbəkələrində Azərbaycana qarşı böhtan və dezinormasiya xarakterli məlumatlar yayılır. Təbii ki, bu da kökündən yalandır. Düşmən hər zaman olduğu kimi, yenə məsuliyyətdən yayınmağa çalışır, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istəyir. Azərbaycan öz suveren ərazilərini qoruyur və heç bir qüvvə ölkəmizi haqq işindən döndərə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti