...

Makronla Paşinyanın Qranada fiaskosu: Bakıya qarşı “kvartet” alınmadı

Siyasət Analytics 6 Oktyabr 2023 10:40 (UTC +04:00)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Qranada sammiti Avropa İttifaqının geosiyasi gücə çevrilmək niyyətinin fiaskosu, Azərbaycanın daha bir uğuru, ABŞ-ın aktivləşmək üçün səbəbi oldu

İspaniyanın Qranada şəhərində 3-cü Avropa Siyasi İcması sammiti davam edir.

Sammit çərçivəsində Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş olub.

Rəsmi Bakının təmsil olunmadığı və nəticə beştərəfli format statusu ala bilməyən görüşdə müzakirə edilən əsas məsələlər təbii ki, nəzərdən keçirilməyib, sadəcə, Ermənistanla bağlı nüanslardan danışılıb.

Danışıqlar başa çatandan sonra dördtərəfli bəyanat qəbul olunub.

Sənəddə deyilir:

"Avropa Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Ermənisitanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını aramsız dəsətklədiklərini vurğulayırlar.

Ermənistanın ehtiyacları nəzəər alınmaqla Ermənistan və Avropa İttifaqı arasındakı münasibətlərin möhkəmlənməsinə tərəfdarıq.

Bu yaxınlarda qarabağlı ermənilərin kütləvi köçü ilə bağlı Ermənistana əlavə humanitar yardımlar göstərilməlidir. Həmin şəxslər hər hansı şərtlər olmadan, beynəlxalq monitorinq şəraitində, habelə tarixlərinə, mədəniyyətlərinə və insan haqlarına gərəkli sayğı şəraitində geri qayıdış hüquqlarını reallaşdırmaq imkanlarına malik olmalıdırlar.

Tərəflər Azərbaycanla Ermənistanın ərazi bütünlüyünü, sərhəd toxunulmazlığını və suverenitetini qarşılıqlı şəkildə, Azərbaycan ərazisinin 86,6 min km2, Ermənistan ərazisinin isə 29,8 min km2 sahədə tanınmasına, münasibətlərin normallaşmasına yönəlmiş səylərini dəstəkləyirlər. Azərbaycanla Ermənistanı güc tətbiq etməməyə və tətbitq hədələrini səsləndirməməyə çağırırıq. Azərbaycanla Ermənistan arasındakı sərhədlərin tərəflərə təqdim edilmiş SSRİ Baş Qərargahı xəritələri əsasında delimitasiyası ilə bağlı işlərin zəruriliyinə çağırırıq. Bu işlər habelə silahlı qüvvələrin sərhədlərdən geri çəkilməsinə, sülh sazişi üzərində işlərin başa çatdırılmasına və bütün humanitar məsələlərin həlllinə təkan olmalıdır.

Regional əməkdaşlığı genişləndirməyə, bütün sərhədləri, o cümlədən Ermənistanla Türkiyə arasındakı sərhədlərin bərpasına, həmçinin suverenitetə və ölkələrin qanunvericiliklərinə tam sayğı, bərabərlik və qarşılıqlıq əsasında regional kommunikasiyaların açılmasına çağırırıq.

Azərbaycanla Ermənitanı bütün hərbi əsirləri və girovları, habelə saxlanan şəxsləri azad etməyə, itkin düşənlərin taleyi ilə bağlı məsələlərin həllində əməkdaşlıq etməyə, minalardan təmizləmə işlərinə dəstək verməyə çağırırıq".

Azərbaycan Prezidenti İlham Əliyevin bu görüşə qatılmaması Ş.Mişel, E.Makron, O.Şolts və N.Paşinyan arasındakı müzakirələri ermənipərəst söhbət səviyəsinə endirib.

"Dördtərəfli format" adlanan bu tragikomik müzakirənin sonunda qəbul edilmiş birgə bəyanat da Bakı üçün yerinə yetirilməsi mütləq, hətta məcburi sənəd sayıla bilməz.

Qranadadakı kvartetin bəyanatında "SSRİ Baş Qərargahının xəritələri", "beynəlxalq monitorinq" və s. ifadələrinə gəldikdə isə Emmanuel Makron, Olaf Şolts və Şarl Mişel vəcdə gəlməsinlər: onların istəkləri sadəcə, onlar üçün önənmlidir.

Bizim üçün yox.

Qranadadakı "dördtərəfli görüş"dəki yeganə normal, nisbətən müsbət məqam Ermənistanın baş naziri Nikol Paşinyanın öz üzərinə birtərəfli qaydada öhdəliklər götürərək Azərbaycan ərazisi bütövlüyünü 86,6 min km2 tanımasıdır.

Yəni Paşinyan hələ də Qazax rayonuun 7, Naxçıvanın isə Kərki kəndinin hələ də Ermənistan işğalındakı ərazilərimiz olduğunu və Azərbaycana təhvil veriləcəyini etiraf edib.

Digər məqamsa Fransa prezidenti Emmanuel Makronun Azərbaycana qarşı sanksiyaların tətbiqinin mənasız olduğunu etiraf etməsidir: "Azərbaycana qarşı sanksiyalar əks nəticə verəcək və səmərəsiz olacaq. Onlar imkan verməyəcəklər ki, Ermənistanın ərazisi və əhalisi daha yaxşı müdafiə olunsun. Zaman Fransanın elan etdiyi kimi aydınlıq və tələbkarlıq, Ermənistana dəstək, o cümlədən hərbi dəstək zamanıdır, amma Azərbaycana qarşı sanksiya vaxtı deyil. Çünki Azərbaycanla dialoqu davam etdirmək lazımdır”.

Qranada sammitində E.Makronun, O.Şoltsun və Ş.Mişelin açıqlamaları, onların davranışları və xüsusilə də bəyanatları bir daha sübut etdi ki, Avropa İttifaqının Cənubi Qafqazda vasitəçilik missiyasının uğursuzluğu, regional geosiyasi arenada istədiyi yeri tuta bilməməsi və ən başlıcası, Bakı ilə münasibətlərin sərinləşməyə doğru getməsi labüd proseslərdir.

Fransa və Almaniya arasında amansız geosiyasi rəqabətin yaşandığı Avropa İttifaqı indi hər üzv dövlətin yalnız öz maraqlarını güddüyü erzas strukturu xatırladır.

Üstəlik, məhz rəsmi Parisin aşkar və marazmatik ermənipərəst siyasəti ucbatından Aİ bölgəmizdəki geosiyasi rəqabətdə mövqelərini itirməməkdədir.

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə Şarl Mişelin vasitəçiliyinin gözlənilən effekti verməməsi, Avropa İttifaqının hazırda ABŞ və Rusiya Federasiyasından geriyə düşməsinin də başlıca səbəbkarı Emmanuel Makronun natamamlıq kompleksinin hopduğu fransız siyasətidir.

Bu səbəbdən ABŞ işə qarışacaq, kollektiv Qərbin bölgədə Rusiya və İranın geosiyasi ambisiyalarının qarşısının alınaraq zəiflədilməsinə yönəlmiş səylərinin zəifləməsinə imkan verməməyə çalışacaq.

Amerikalılar fəllaşacaqlar: ümid edirik ki, onlar Avropa İttifaqı və Fransanın yol verdikləri səhvlərdən nəticə çıxaracaqlar.

Azərbaycana təzyiq cəhdlərinə gəldikdə isə, Emmanuel Makronun sərsəm bəyanatları, yaxud Avropa Parlamentinin xəyali istəklərlə zəngin qətnaməsi situasiyanı əsla dəyişə bilməz.

Ölkəmiz erməni separatizminin, revanşizminin və aqressivliyinin qarşısını alaraq, 30 ildən bəri davam edən problemlər silsiləsini dayandırdı. Qərbin, xüsusilə də ABŞ və Avropa İttifaqının həll edə bilməmək görüntüsü yaradaraq həll etmək istəmədiyi separatizm bəlasını birdəfəlik müalicə etməklə yanaşı, rəsmi Bakı erməni işğalındakı ərazilərinin hamısını (!) erməni işğalından azad etdi.

Bakı dəfələrlə bəyan edib ki, hədəfi qarabağlı ermənilər yox, separatçılar və onların silahlı dəstələri, xuntası və qondarma hakimiyyəti idi. Beynəlxalq hüquq çərçivəsində davranan Azərbaycan təbii ki, öz ərazisində separatçıların rahat dolaşmalarına, mövqelərimizi sürəkli atəşə tutmalarına, dinc vətəndaşlarımız üçün ölümcül təhlükə mənbəyi kimi qalmalarına imkan verə bilməzdi, vermədi də.

Hazırda Azərbaycanı suçlayan Qərb ölkələrinin istisnasız olaraq hamısı bəhs etdiyiimz situasiyada eyni addımlar atar, analoji qərarlar verərdi.

Belədirsə, Bakıya ünvanlanmış iradların, ittihamların və suçlamaların mənası yoxdur.

Hüquq hamı üçün eynidir, bərabərdir və fərqsizdir.

Suverenlik, sərhəd toxunulmazlığı və ərazi bütövlüyü istənilən dövlət üçün şərtdir.

Azərbaycan bu şərtləri mühafizə və təmin edib.

Belədirsə, E.Makronun isteriyasın və ya hansısa avropalı siyasətçilərin, yaxud deputatların qərəzinə ciddi önəm verməyinə dəyərmi?

Xəbər lenti

Xəbər lenti