Bakı. Trend:
Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, Belarus-Rusiya İttifaqının Parlament Məclisinin müşahidə missiyasının rəhbəri Sergey Raçkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend xəbər verir ki, görüş zamanı M.Pənahov seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən çox yerli müşahidəçinin qatıldığını və ölkə üzrə seçki məntəqələrində səsvermə prosesini fasiləsiz izləmək üçün 1000 veb-kamera quraşdırıldığını qeyd edib.
M.Pənahov, növbədənkənar parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaşın səsvermə hüququndan istifadə edəcəyini, 990 namizədin mübarizə apardığını və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyə uyğun bütün imkanların yaradıldığını vurğulayıb. Namizədliyi qeydə alınan 305 nəfərin 25 siyasi partiyanı təmsil etdiyini də əlavə edib.
Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını bildirən M.Pənahov, bunlardan 2471-nin fiziki məhdudiyyətli şəxslər üçün uyğunlaşdırıldığını bildirib. O, həmçinin Milli Məclisə növbədənkənar seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəyini və işğaldan azad olunmuş ərazilərdə 42 mindən artıq seçicinin səsvermə hüququnu reallaşdırmaq üçün 54 seçki məntəqəsi yaradıldığını qeyd edib.
Sergey Raçkov, seçkilərin müşahidəsində iştirakdan məmnun olduğunu bildirərək, seçki prosesini diqqətlə izləyəcəklərini vurğulayıb. O, seçkilərə hazırlıq prosesini yüksək səviyyədə olduğunu və seçkilərin təhlükəsiz şəraitdə keçəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı seçkilərlə bağlı müxtəlif məsələlər də müzakirə olunub.