...

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin rəsmisi parlamentdə görüş keçirib

Siyasət Materials 10 Mart 2006 12:42 (UTC +04:00)

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) "Azərbaycanda hüquqi islahatlar" layihəsinin rəhbəri, Bremen Universitetinin professoru Rolf Knieper Milli Məclis Aparatının məsul işçiləri, bir qrup deputat ilə görüşüb. Bu barədə Trend ə parlamentin mətbuat xidmətindən bildirilib. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlamentin qanunvericilik fəaliyyətindən, Azərbaycanın qanunvericilik sahəsinin təkmilləşdirilməsində GTZ ilə əməkdaşlığından danışıb.

Professor Rolf Knieper bir neçə il bundan əvvəl Azərbaycan parlamentində keçirdiyi görüşləri xatırlayıb, Milli Məclisdə qanunvericilik texnikasının təkmilləşdirilməsi sahəsində son illərdə atılmış addımları xüsusi qeyd edib. Alim bildirib ki, parlamentin Avropa standartlarına cavab verən "İnzibati icraat haqqında" qanun layihəsi hazırlaması, Mülki Məcəlləyə, Mülki Prossesual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə mütərəqqi dəyişikliklər etməsi GTZ tərəfindən yüksək dəyərləndirilir.

Sonra görüşdə qanunvericilik texnikasının təkmilləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb, Azərbaycanın Mülki Məcəlləsinin fiziki və hüquqi şəxslərə aid hissəsinin GTZ-nin dəstəyi ilə yenidən işlənməsi yüksək qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti